Qədim Ordubad bu gün müasir inkişaf tempi ilə diqqəti cəlb edir. Abadlaşan kənd yaşayış məntəqələri rayondakı bənzərsiz təbiət mənzərələrinin fonunda daha füsunkar görünür. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə və tərəqqi son illər rayonun bütün kəndlərini əhatə etmişdir.
Aşağı Əylis kəndi rayonun qədim yaşayış məntəqələrindən biridir. Araz çayının sol sahilində, dağlar qoynunda yerləşən bu kənd xalqımızın qədim sənətkarlıq və ticarət mərkəzi kimi tarixən böyük şöhrət qazanmışdır. Bu gün isə Aşağı Əylis kəndi əsl tərəqqi və inkişaf dövrünü yaşayır. Son illər kənddə yaradılan şərait, insanların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər, aparılan quruculuq işləri bunu bir daha təsdiq edir.
Muxtar respublikada müasir kənd infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sentyabrın 26-da Aşağı Əylisdə yeni məktəb binası və kənd mərkəzi istifadəyə verilmişdir.
Aşağı Əylis kənd məktəbi üçün yeni bina tikilmişdir
Sentyabrın 26-da Aşağı Əylis kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Vidadi Quliyev çıxış edərək demişdir ki, kənddə müasir məktəb binasının inşası dərslərin müasir tələblər səviyyəsində tədrisinə imkan verəcəkdir. Yaradılan şərait qarşıya mühüm vəzifələr qoyur. Bu şərait müəllim və şagirdlərin məsuliyyətini daha da artırır. Məktəbin direktoru söz vermişdir ki, kollektiv yaradılan şəraitdən faydalanacaq, nailiyyətləri artıracaq, tədrisin səviyyəsini ilbəil yüksəltməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır” fikrini xatırladaraq demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları gənc nəslin hərtərəfli böyüməsinə xidmət edir. Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclərimiz lazımi şəraiti olan məktəblərdə təhsil alır, özlərini ölkəmizin gələcəyinə hazırlayırlar. Bu gün Aşağı Əylis kəndində müasir məktəb binasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir”.
Ali Məclisin Sədri demişdir: “Məktəb binasında müasir təhsilin tələbləri də nəzərə alınaraq hər cür şərait yaradılmışdır. Bu da gənclərimizin yaxşı təhsil almasına, onların müasir informasiya texnologiyalarından sərbəst istifadə etmələrinə imkan verəcəkdir. Çünki müasir dünyamızda informasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək günün tələbinə çevrilmişdir. Yeni texnologiyalardan, kompüter və elektron lövhələrdən sərbəst istifadə etmədən ixtisaslı kadr kimi formalaşmaq mümkün deyil. Ona görə də hansı sahədə işləmələrindən və oxumalarından asılı olmayaraq, gənclər müasir texnologiyalardan istifadəyə dərindən bələd olmalıdırlar”.
Qeyd olunmuşdur ki, gənclərin fiziki cəhətdən sağlam böyüməsi üçün də məktəbdə hər cür şərait yaradılmış, idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir. Şagirdlərin fiziki cəhətdən sağlam olmaları onların zehni inkişafına da köməklik göstərəcək, dərslərin daha yaxşı mənimsənilməsinə səbəb olacaqdır. Müəllimlər gənclərə yaxşı təhsil verməklə bərabər, onların milli ruhda, əsl vətənpərvər kimi böyümələrinə diqqəti artırmalı, hər bir şagirdə ölkəmizin gələcək təminatçısı kimi baxılmalı, onların təhsilinə diqqətlə yanaşılmalı, qayğı göstərilməlidir. Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri kollektivə təşəkkürünü bildirmiş, onlara gələcək tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Ordubad rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 234 şagird yerlik 3 mərtəbəli məktəb binası müasir tələblər səviyyəsində inşa olunmuşdur. Məktəbdə 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter və şahmat otaqları, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Kitabxana fondu 3 minə yaxın latın qrafikalı dərslik və 2 mindən çox bədii ədəbiyyatla zənginləşdirilmişdir. Baxış zamanı Ali Məclisin Sədri ayda bir dəfə kitabxana günlərinin keçirilməsinin, o cümlədən görkəmli yazıçı və şairlərin yubileylərinin qeyd olunmasının əhəmiyyətini vurğulamış, kitab mütaliəsinə marağın artırılması barədə tapşırıqlar vermişdir.
Müasir təhsil sisteminin əsas tələblərindən biri də məktəblərdə informasiya texnologiyalarına əsaslanan tədris mühitinin təşkil olunmasıdır. Məktəbin kompüter otağında 19 kompüter dəsti quraşdırılmış və internetə çıxışı təmin edilmişdir.
Elektron lövhələr təhsildə ən səmərəli tədris avadanlığıdır. Keçilən mövzuya aid slaydlar, videolar göstərmək, şəkil, qrafik və cədvəllərlə işləmək, təcrübələr aparmaq, materialları yaddaşda saxlamaq və çap etmək kimi çoxfunksiyalı iş prinsipinə əsaslanan bu tədris vasitəsi muxtar respublikada geniş tətbiq olunur. Aşağı Əylis kənd tam orta məktəbindəki 3 elektron lövhəli sinif də dərslərin yeni metodlarla keçilməsinə şərait yaradacaqdır.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, bu il məktəbin birinci sinfinə 20 şagird qəbul olunmuşdur. Şagirdlərin məktəbəhazırlıq kursuna cəlbi, psixoloji hazırlıq səviyyələrinin artırılması keçilən dərslərin daha yaxşı mənimsənilməsinə köməklik göstərir.
Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun ən müasir təcrübə avadanlıqları ilə təmin olunmuş, fizika laboratoriyasında elektron lövhə quraşdırılmışdır. Əyani vasitələrlə və mövzulara uyğun multimedia proqramları ilə təminat dərslərin praktik yolla mənimsənilməsinə imkan yaradır. Bu da uşaqlara dərsləri daha yaxşı qavramaqda kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.
Bu gün gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, hərb tariximizin öyrənilməsi ən mühüm məsələlərdəndir. Gənclərin məktəb yaşlarından müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsinə, eləcə də hərbi-vətənpərvərlik hisslərinin erkən yaşdan formalaşmasına xidmət edir. Məktəbdə istifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır.
Müasir idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları gələcəyimiz olan uşaqların fiziki inkişafına və sağlam böyüməsinə zəmin yaradacaqdır.
Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri demişdir ki, ölkəmizdə təhsil quruculuğuna xüsusi diqqət yetirilir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də müasir məktəb binaları tikilir. Bu da məzunların gələcəkdə istənilən xarici ölkədə ali təhsil almasına imkan verəcəkdir. Aşağı Əylis kənd tam orta məktəbində yaradılan yeni tədris şəraiti kollektivin məsuliyyətini daha da artırır. Müəllimlər dərsləri yaxşı tədris etməklə, şagirdlər isə biliklərə dərindən bələd olmaqla göstərilən etimadı doğrultmalıdırlar.
Müəllimlər yaradılan şəraitə uğurlu nailiyyətlərlə cavab verəcəklərini bildirmişlər.
Məktəbin həyətində abadlıq işləri görülmüş, gülkarlıqlar salınmışdır.
Aşağı Əylisdə yeni kənd mərkəzi istifadəyə verilmişdir
Həmin gün Aşağı Əylis Kənd Mərkəzinin də açılışı olmuşdur.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev demişdir ki, muxtar respublikada aparılan quruculuq tədbirləri bu il Aşağı Əylis kəndini də əhatə etmiş, qısa müddətdə müasir tələblərə cavab verən məktəb binası və kənd mərkəzi inşa edilmişdir. Kənddə dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılmışdır. Göstərilən qayğı nəticəsində Aşağı Əylis kəndinin siması son illər tanınmaz dərəcədə dəyişmişdir. Kənd təbii qaz, elektrik enerjisi və telefonla təmin edilmiş, yollara asfalt örtük salınmış, kəhrizlər bərpa olunmuş, fərdi təsərrüfatların inkişafı üçün lazımi şərait yaradılmışdır. Əhali, əsasən, heyvandarlıq, bağçılıq və arıçılıqla məşğul olur. Həyatın elə bir sahəsi yoxdur ki, diqqət və qayğıdan kənarda qalsın. İsmayıl Quliyev yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri kənddə görülmüş quruculuq işləri münasibətilə təbrik edərək demişdir: “Aşağı Əylis kəndində aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər ölkəmizdə həyata keçirilən tədbirlərin bir kəndin timsalında nümunəsidir. Bu gün dövlətimiz tərəfindən kəndlərin inkişafına hərtərəfli qayğı göstərilir. Kəndlərimiz abadlaşır, insanlar üçün lazımi şərait yaradılır, onların rahatlığı təmin olunur, gündəlik qayğıları vaxtında həll edilir”.
Ali Məclisin Sədri demişdir: “Aşağı Əylis kəndi də müasirləşən Azərbaycan kəndlərinin sırasına qoşulmuşdur. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və digər lazımi dövlət strukturları yaradılmış, onların fəaliyyəti təmin edilmişdir. Bu gün isə dövlət qurumları və xidmət təşkilatları üçün müasir iş şəraiti yaradılmışdır. Kənd əhalisinin, təqribən, 270 nəfərə yaxını dövlətdən əməkhaqqı, müavinət və təqaüd formasında vəsait alır. Qurulanlar, yaradılanlar insanların rahat yaşamasına xidmət edəcək, əhali daha sıx məskunlaşacaqdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və xidmət təşkilatları yaradılan bu şəraitdən səmərəli istifadə etməli, daim əhalinin problemləri ilə maraqlanmalı, onların vaxtında həll olunmasına nail olmalıdırlar. Kənddə fərdi təsərrüfatlar genişləndirilməli, dövlət qurumları ilə yanaşı, sakinlər də kəndin abadlığının, yaşıllıqlarının qayğısına qalmalıdırlar”.
Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd bələdiyyəsi, mədəniyyət evi və 75 yerlik iclas zalı vardır.
Mərkəzdə 4 min 916 ədəbiyyat fonduna malik kitabxana da əhalinin ixtiyarına verilmişdir. Kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək kitabxanada 1265 latın, 3651 kiril əlifbası ilə çap olunmuş Azərbaycan, eləcə də klassik və müasir dünya ədəbiyyatı nümunələri toplanmışdır.
Kənddə müasir rabitə sistemi mövcuddur. Rabitə evindəki 384 nömrə tutumu olan ATS 240 abonentə xidmət göstərir. Aşağı və Yuxarı Əylis kəndlərini əhatə edən polis sahə məntəqəsində də müasir şərait yaradılmışdır.
Binanın ikinci mərtəbəsində Aşağı Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün iş otaqları vardır. Məlumat verilmişdir ki, Yeni Azərbaycan Partiyası Aşağı Əylis kənd ərazi ilk təşkilatının 128 nəfər üzvünün 19-u gənclər, 24-ü isə qadınlardır.
Feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır. Məntəqə səhiyyə xidmətinin nümunəvi təşkili üçün hərtərəfli şərait və dərman vasitələri ilə təmin olunmuşdur. Bildirilmişdir ki, bu gün kənd yaşayış məntəqələrində əsas diqqət yetirilən məsələlərdən biri də insanların sağlamlığının qorunmasıdır. Ona görə də feldşer-mama məntəqəsində çalışan tibb işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək əhalinin sağlamlığının keşiyində dayanmalı, insanlara nümunəvi səhiyyə xidməti göstərilməlidir.
Kənd mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Kənd ağsaqqalları söhbət zamanı bildirmişlər ki, ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizə inkişaf və tərəqqi bəxş edir. Son 18 ildə muxtar respublikada həyata keçirilən tədbirlər də bu siyasi xəttə sədaqətin bəhrəsidir. Artıq qədim Naxçıvanın bütün şəhər, qəsəbə və kəndləri müasir yaşayış məntəqəsinə çevrilmişdir. Aparılan quruculuq işləri bu il Aşağı Əylis kəndini də əhatə etmiş, insanların rahatlığına xidmət edən müasir infrastrukturlar yaradılmışdır. Bütün bu tədbirləri sakinlər böyük ruh yüksəkliyi ilə qarşılayır, onların qurub-yaratmaq əzmi artır.
Ali Məclisin Sədri demişdir: “Həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Kənddə qurulanlar, tikilənlər, ilk növbədə, sakinlərin rahatlığına xidmət edəcəkdir. Müasir məktəb binası təhsil səviyyəsinin yüksəldilməsinə, kənd mərkəzi dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir. Bu gün Aşağı Əylis kəndində yetişən gənc nəsil gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak edəcək. Kənd sakinləri qurulanlardan, yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.
* * *
Görülən abadlıq işləri çərçivəsində Aşağı Əylis kəndinin 1250 metr uzunluğundakı kənddaxili avtomobil yollarına asfalt örtük salınmışdır. Kənddə rabitə və elektrik sistemləri daha da təkmilləşdirilmiş, yeni tikililərə 110 metr uzunluğunda qaz xətti çəkilmiş, qədim su mənbəyi olan 3 kəhriz təmir olunmuşdur.
Ordubad şəhərindəki tarixi “Buzxana” abidəsində yenidənqurma işləri aparılmışdır
Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində görülən işlər tariximizin, o cümlədən milli dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu tədbirlərin davamı olaraq, Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsində də yenidənqurma işləri həyata keçirilmişdir.
Sentyabrın 26-da “Buzxana” tarix-memarlıq abidəsi yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində XIV əsrə aid qədim memarlıq abidəsinin yenidən qurularaq istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Tarixi abidələr ulu babalarımızdan bizə qalmış sənət əsərləridir. Ordubad şəhərindəki “Buzxana” xalqımızın bir neçə əsr bundan əvvəlki yaşayış səviyyəsini, mədəniyyətini özündə təcəssüm etdirən memarlıq abidəsidir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu abidə vaxtilə əhalinin buza olan tələbatının ödənilməsi üçün istifadə edilmişdir. Bu cür abidələrin qorunub gələcək nəsillər üçün saxlanılması, onlara ikinci həyat verilməsi tarixi-mədəni irsimizin yaşadılmasına xidmət edir. Aparılan yenidənqurma işləri abidənin ömrünü xeyli uzatmışdır. Bu gün “Buzxana” abidəsində Ordubad rayonuna xas olan milli mətbəx nümunələri təbliğ olunacaqdır. Həmçinin burada yeni iş yerləri açılmışdır”.
Ali Məclisin Sədri əsaslı şəkildə yenidən qurulan abidənin qorunub saxlanılmasına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, abidənin ümumi sahəsi 166 kvadratmetr, hündürlüyü 11 metrdir. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvari sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulmuş, buzxana hissəsinə enən pilləkənlər bərpa olunmuşdur. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılmış, divarlar əhəng-gil qarışığı ilə hörülmüşdür.
Abidə ilə tanışlıqdan sonra Ali Məclisin Sədri şəhər sakinləri ilə görüşmüşdür.
Şəhər sakini, ağsaqqal Cəlil Rəhimov demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubad bu gün sürətlə inkişaf edir. Bütün sahələrdə yeniləşmə, tərəqqi vardır. İnsanların yaşayış səviyyəsi ilbəil yüksəlir. Açılan iş yerləri əhalinin məşğulluğunu təmin edir. Son illər Ordubad şəhərində böyük quruculuq işləri aparılmışdır. Bu qədim diyarda həyata keçirilən tədbirlər sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Əsrlərin yadigarı olan “Buzxana” abidəsinə ikinci ömür verilməsi də tariximizə, mədəni irsimizə verilən qiymət kimi yüksək dəyərə malikdir.
Ali Məclisin Sədri demişdir ki, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq xalqımızın gələcəyinə xidmət edir. Ordubad şəhəri Azərbaycan xalqının istər maddi, istərsə də mədəni irsinin toplandığı və yaşadıldığı bir məkandır. Bu gün rayonda aparılan quruculuq işləri Ordubadı müasirləşdirməklə yanaşı, həm də tarixinin yaşadılmasına yönəldilmişdir. Dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərdə sakinlərin yaxından iştirakı isə vacib şərtdir. Hər bir şəxs çalışmalıdır ki, tarixi abidələrimiz qorunub saxlanılsın, milli dəyərlərimiz təbliğ olunaraq yaşadılsın.
Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyi inşa olunacaqdır
Bu il görkəmli mütəfəkkir, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 20-də “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Ali Məclis Sədrinin 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən isə Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin inşası nəzərdə tutulmuşdur.
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov vaxtilə görkəmli maarifçinin yaşadığı evə gəlmiş, binanın inşa olunacağı əraziyə baxmış, tikinti işlərinə başlanması barədə müvafiq tapşırıqlar vermişdir.
* * *
Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binada tikinti işlərinin gedişi ilə də maraqlanmışdır.
Məlumat verilmişdir ki, məktəb üçün 4 mərtəbəli müasir bina inşa olunmuşdur. Binada tədrisin günün tələblərinə uyğun qurulması üçün lazımi şərait yaradılacaq, müasir tədris bazası formalaşdırılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılmasına dair tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti