Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi. Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlətimizin başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirdi. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd etdi.
Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.
Moskva şəhərinin meri Sergey Sobyanin nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.