Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.
“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpgili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulandı.