Əkilən hər bir ağac, salınan meyvə bağları və yaşıllıq zolaqları ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Muxtar respublikada təbiətə qayğını özündə təzahür etdirən iməciliklərin keçirilməsi də bu məqsədə xidmət edir. Son illər iməciliklər yolu ilə salınan yaşıllıqlar qədim diyarın təbiətinin zənginləşdirilməsinə səbəb olmuş, sağlam ekoloji mühit formalaşmışdır.
Sentyabrın 20-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış 3,6 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilmiş, damcılı suvarma sistemi quraşdırılmışdır. İməcilik iştirakçıları ərazidə təmizlik işləri görmüş, meyvə tinglərinə aqrotexniki qulluq göstərilmiş, dənə üsulu ilə əkin aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, payızlıq ağac əkininə hazırlıqla bağlı müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti