Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə saldı.
Prezident İlham Əliyev yük vaqonlarının “Bərdə” və “Azərbaycan” gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxdı.
Sonda xatirə şəkli çəkdirildi.