Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ötən əsrin 30-cu illərində tikilən və ümumi sahəsi 1092 kvadratmetr olan bina əvvəlki görkəmi saxlanılmaqla yenidən qurulmuşdur. Orijinal arxitektura quruluşu ilə seçilən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.
Yenidənqurma işləri zamanı binanın interyeri müasir dizayn elementləri ilə zənginləşdirilmiş, yeni işıqlandırma, istilik və havalandırma sistemləri qurulmuşdur. Zirzəmi qatında laboratoriya, arxiv, kitabxana, bufet, qazanxana və digər yardımçı otaqlar vardır. Binanın birinci və ikinci mərtəbələrində isə zəruri mebel avadanlıqları ilə təchiz olunan iş otaqları və 50 yerlik iclas zalı yerləşir. Otaqlarda idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmış, kompüter dəstləri quraşdırılmış və internetə çıxış təmin olunmuşdur. Bu da nazirliyə daxil olan məlumat və müraciətlərin daha operativ qəbuluna, digər qurumlarla elektron sənəd mübadiləsinin həyata keçirilməsinə, eləcə də əməkdaşların fəaliyyət sahələrinə uyğun ətraflı informasiya toplamasına şərait yaradacaqdır.
Laboratoriyaya baxış zamanı məlumat verilmişdir ki, burada kənd təsərrüfatı bitkilərindən götürülmüş nümunələrin texniki göstəricilərini təyin etməyə imkan verən təcrübə avadanlıqları quraşdırılmışdır. Müasir laboratoriya avadanlıqları toxumun keyfiyyət göstəricilərini, məhsuldarlığını, nəmlik faizini, cücərmə qabiliyyətini əvvəlcədən yoxlamağa imkan verəcəkdir. Laboratoriyada qoyulan səyyar təcrübə avadanlığı isə əkin sahələrində toxumların texniki göstəricilərinin təyin edilməsində istifadə olunacaqdır.
Kitabxanaya kənd təsərrüfatına aid elmi ədəbiyyatlar, muxtar respublikanın əkin atlasları qoyulmuş, zəngin fond yaradılmışdır. Bu da əməkdaşların biliklərinin artırılmasına və nəzəri cəhətdən daha da zənginləşdirilməsinə imkan verəcəkdir.
Bina ilə tanışlıqdan sonra keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, son 18 ildə muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq aparılan meliorasiya, irriqasiya tədbirləri, torpaq mülkiyyətçilərinə göstərilən lizinq xidməti, soyuducu anbarların yaradılması, istixanaların qurulması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının dinamik inkişafına stimul vermişdir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin keçirilmişdir. Ümumi əkin sahəsinin 59 faizini taxıl əkini təşkil etmiş, sahələrdən 103 min tondan artıq məhsul yığılmışdır. Ümumilikdə, 2014-cü ilin 8 ayında kənd təsərrüfatının ümumi məhsulu 232 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artıqdır. Hazırda muxtar respublikada 12 istixana, 19 soyuducu anbar, 62 quşçuluq, 10 balıqçılıq təsərrüfatı, 4 ət, 2 süd, 1 gön-dəri emal edən, 1 balıq konservi hazırlayan, eləcə də balın emalı və qablaşdırılması ilə məşğul olan müəssisələr fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasının yenidənqurma işlərindən sonra istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafına təkan vermiş, uğurlu nailiyyətlər qazanılmışdır. Ölkə Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilən dövlət proqramları, qəbul olunmuş qərarlar bu sahədə işlərin düzgün təşkilinə, kənd təsərrüfatının kompleks inkişafına səbəb olmuş, eləcə də kənd əməkçiləri üçün əlverişli şərait yaradılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar bu gün öz bəhrəsini verməkdədir. Həmin dövrdə ulu öndərin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada torpaq islahatına başlanılmış, torpaqlar, zərərlə işləyən kolxoz və sovxozlar ləğv olunaraq özəlləşdirilmiş, kənd təsərrüfatının inkişafı yeni modeldə, torpaq mülkiyyətçiləri və fermerlərin yaradılması yolu ilə aparılmışdır. Ölkəmizə rəhbərliyi dövründə də ümummilli lider aqrar sektorun inkişafına hərtərəfli qayğı göstərmişdir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına da səbəb olmuşdur. Kənd təsərrüfatının inkişafına mütəmadi dövlət dəstəyinin göstərilməsi, bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi bol məhsul istehsalına və bunun nəticəsi olaraq ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan vermişdir”.
“Hər bir ölkənin müstəqil inkişafını şərtləndirən əsas amillərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının icrası və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatının ardıcıl inkişafını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkib hissəsi kimi yaradılan bu şəraitdən bəhrələnir, muxtar respublika aqrar region kimi inkişaf edir. Bu gün muxtar respublika əhalisinin 70 faizi kənd təsərrüfatı ilə məşğul olur. Muxtar respublikanın 550 min hektar ərazisinin 164 min hektarı kənd təsərrüfatına yararlıdır. 164 min hektar kənd təsərrüfatına yararlı ərazinin isə cəmi 52 min hektarı əkinəyararlıdır. Əkinəyararlı torpaqların məhdud olması onlardan səmərəli istifadəni zəruri edir. Ona görə də torpaqların məhsuldarlığının yüksəldilməsi, mütərəqqi əkin və suvarma metodlarından istifadə daim diqqət mərkəzində saxlanılmalıdır.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün lazımi şərait yaradılmışdır. Hazırda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması və intensiv amillər hesabına məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Son illər yeni su anbarlarının tikilməsi, müasir suvarma sistemlərinin qurulması, məhsuldar toxum sortlarının muxtar respublikaya gətirilməsi, əkin sahələrinin genişləndirilməsi, torpaq mülkiyyətçilərinin və fermerlərin hərtərəfli qayğı ilə əhatə olunması əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə səbəb olmuşdur”.
Qeyd olunmuşdur ki, 1946-cı ildən fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyi də öz işini muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində qurmuşdur. Bu gün Kənd Təsərrüfatı Nazirliyində və onun struktur qurumlarında çalışanlar üçün lazımi iş şəraiti yaradılmışdır. Nazirliyin tabeliyində Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi, eləcə də Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin qarşısında mühüm vəzifələr durduğunu bildirən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada torpaqların rayonlaşdırılmasının tətbiqini genişləndirmək, əkin atlaslarına müvafiq olaraq əkinləri təşkil etmək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, damazlıq işinin inkişafına çalışmaq, mütərəqqi əkin və suvarma metodlarını tətbiq etmək, torpağın münbitliyinin artırılması üçün tədbirlər görmək, gübrələrdən düzgün istifadə edilməsinə nəzarəti təşkil etmək, iqlim və torpaq şəraitinə uyğun olan toxum, eləcə də ənənəvi toxum sortlarının bərpasını təmin etmək, toxum təminatını yaxşılaşdırmaq və bütün bunların son nəticəsi olaraq muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdir. Yaradılan şərait və göstərilən qayğı qarşıya qoyulan vəzifələrin layiqincə icrasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri bu vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazirliyinə 1 ədəd “Opel Antara” markalı avtomobilin açarını təqdim etmişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş, gülkarlıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti