Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv olunması və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada tikinti sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkəti ləğv edilsin, onun əmlakı və şəhər (rayon) idarələri özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanının 3-cü hissəsində “30” rəqəmi “89” rəqəmi ilə əvəz edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 6 fevral 2013-cü il