05 Yanvar 2025, Bazar

Fevralın 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən məktəbin müəllimi Ülviyyə Cəfərova bu gün muxtar respublikada təhsil və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, Babək rayonunda uşaq və gənclərin sağlamlığı, onların intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik etmiş, şahmatçılara yeni qələbələr arzulamışdır. Ümummilli liderimiz Heydər Əliyevin “Ölkəmizdə qədim ənənələrə malik idman növü olan şahmatın inkişafı əsas məqsədlərdən biridir. Biz şahmatın inkişafına və istedadlı şahmatçıların yetişdirilməsinə bundan sonra da diqqət yetirməliyik” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, ölkəmizdə şahmat məktəblərinin yaradılması və şahmatın inkişafı ulu öndərimizin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda zehni idman növü olan şahmatın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, bütün bölgələrdə yeni şahmat məktəbləri tikilərək istifadəyə verilmişdir. Həmin dövrdə güclü şahmat infrastrukturunun yaradılması, şahmat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində ölkəmizdə beynəlxalq səviyyəli istedadlı şahmatçılar nəsli də formalaşdırılmışdır.
Ali Məclisin Sədri demişdir: “Ötən əsrin 90-cı illərində baş verən hadisələr və bu hadisələrin acı nəticələri şahmat məktəblərinin fəaliyyətinə də öz təsirini göstərmiş, şahmat məktəblərinin binalarından təyinatı üzrə istifadə olunmaması nəticəsində onların fəaliyyətində böhran yaranmışdı. Lakin ulu öndərimizin xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra şahmatın inkişafına da xüsusi diqqət yetirilmiş, bu sahənin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Bu gün ulu öndərimizin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı tərəfindən 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” təsdiq edilmiş, bu proqramın uğurlu icrası nəticəsində gənclər arasında şahmata olan maraq artmışdır”.
Ali Məclisin Sədri demişdir ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına təkan vermişdir. Təkcə 2000-2012-ci illərdə muxtar respublikada 1 Şahmat Mərkəzi və 7 Şahmat Məktəbi üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Bu gün muxtar respublikada şahmat məktəblərinin hər biri müasir binalarla təmin olunmuşlar. Şahmat infrastrukturunun müasir­ləşdirilməsi ilə yanaşı, muxtar respublikada yeni şahmatçılar nəsli də yetişdirilmiş, son illər muxtar respublikada 40-dan çox muxtar respublika səviyyəli turnir və birincilik, eləcə də 5 beynəlxalq səviyyəli turnir keçirilmişdir. Bu gün muxtar respublikada fəaliyyət göstərən şahmat-tədris müəssisələrində 300-ə yaxın qrupda 3 mindən artıq şagird şahmatın sirlərini öyrənir.
“Ölkəmizin gələcəyi sağlam gənclikdən asılıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam böyüməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin yüksək səviyyədə tədrisinə diqqət artırılır, müasir idman zalları, yeni idman obyektləri tikilərək gənclərin istifadəsinə verilir. Həyata keçirilən bu tədbirlərlə yanaşı, gənclərin zehni inkişafı da diqqət mərkəzində saxlanılır, məktəbdənkənar təhsil müəssisələri və şahmat məktəblərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Bu da gənc nəslin hərtərəfli zehni biliklərə malik olması baxımından mühüm əhəmiyyət daşıyır. İstifadəyə verilən Şahmat Məktəbi Babək rayonunda şahmatın inkişafında əhəmiyyətli rol oynayacaqdır. Babək Rayon Uşaq-Gənc­lər Şahmat Məktəbi muxtar respublikanın böyük şahmat məktəblərindəndir. Bu gün Şahmat Məktəbinin binasında lazımi şərait yaradılmış, yeni təlim-tədris vəsaitləri şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə 50 qrupda 600-ə yaxın şagird şahmatın sirlərini öyrənir. Yaradılan şərait rayonda istedadlı şahmatçıların yetişdirilməsinə, onların ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurlu çıxış etmələrinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin müəllim və şagird kollektivini bir daha təbrik etmiş, binanın açılışını bildirən rəmzi lenti kəsmişdir.
Müasir memarlıq üslubunda inşa olunan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 1-i elektron lövhəli olmaqla, 10 sinif otağı, müəllimlər, kompyuter və hakim otaqları, 64 yerlik oyun zalı, bufet və qazanxana vardır. Sinif otaqlarında və oyun zalında hər cür şərait yaradılmış, mebel dəstləri və tədris ləvazimatları qoyulmuş, maqnitli şahmat lövhələri quraşdırılmışdır.
Binada şahmatla peşəkar səviyyədə məşğul olmaq üçün müasir maddi-texniki baza yaradılmış, elektron biliklərin əldə olunması və tədris zamanı müasir interaktiv vasitələrdən istifadə etmək üçün 8 kompyuter istifadəyə verilmişdir. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənmiş və internetə qoşulmuşdur. Bu da şahmat dərslərinin həm də internet üzərindən tədris olunmasına imkan verir.
Elektron lövhəli sinfə baxış zamanı bildirilmişdir ki, bu gün şahmatın tədrisində elektron lövhələrdən geniş istifadə edilir. Elektron lövhələrin tərkibinə daxil olan tədrislə bağlı xüsusi proqram təminatları şahmat dərslərinin daha faydalı və maraqlı keçilməsinə, videoəlaqə vasitəsilə keçirilən beynəlxalq və ölkə miqyaslı yarışların birbaşa izlənməsinə imkan verir.
Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra məktəbin müəllimləri və muxtar respublikada fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustaları ilə görüşmüş, onların fəaliyyəti ilə maraqlanmışdır.
Məktəbin müəllimi Fazilə Quliyeva, şahmat üzrə beynəlxalq usta Talıb Babayev və beynəlxalq qrossmeyster Fərid Abbasov şahmatın inkişafına göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər ki, təhsil və idmanın inkişafı muxtar respublikada həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissəsidir. Yeni şahmat məktəblərinin tikintisi də bu siyasətin uğurla davam etdirildiyini bir daha təsdiqləyir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə edilməsinin əhəmiyyətini bildirmiş və Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına muxtar respublikanın bütün şahmat məktəblərində ustad dərslərinin keçilməsinin davam etdirilməsi və Naxçıvan şahmatçılarının bundan sonra da beynəlxalq miqyaslı yarışlarda iştirakının təşkil olunması barədə tapşırıq vermişdir.

Babək Rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontoru üçün müasir iş şəraiti yaradılmışdır

Babək qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işləri, istifadəyə verilən yeni sosial obyektlər və inzibati binalar rayon mərkəzinin simasını tamamilə dəyişmişdir. Muxtar respublikada uğurlu quruculuq və sosial-iqtisadi inkişafın davamı kimi Babək Rayon Qeydiyyat Şöbəsinin və Dövlət Notariat Kontorunun binası yenidən qurulmuşdur.
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Binada mebel dəstləri və lazımi avadanlıqlarla təmin olunmuş müasir iş otaqları, 2 arxiv istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli şərait yaradılmışdır. Yaradılan şərait vətəndaşlara nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.
Binaya baxışdan sonra rayon sakinləri ilə görüşən Ali Məclisin Sədri ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Babək rayonunun böyük inkişaf yolu keçdiyini bildirərək demişdir ki, bu inkişaf ümummilli liderimizin qurucu­luq xəttinin konkret bir regionda əyani ifadəsidir. Kənd təsərrüfatının, sənayenin, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, sakinlərin çalışqanlığı və zəhmətkeşliyi yüksək iqtisadi potensiala malik olan rayonda uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur. “Qəbul edilmiş Dövlət proqramları çərçivəsində aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın bugünkü reallıqlarının bir rayonun timsalında təsdiqidir”, – deyən Ali Məclisin Sədri rayonda aparılan quruculuq işlərinin, sosial-iqtisadi islahatların bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Sakinlər göstərilən qayğıya və aparılan quruculuq işlərinə görə minnətdarlıq etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR