Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev müzakirə olunan məsələ ilə əlaqədar məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Hər bir ölkədə, regionda görülmüş işlərin nəticəsi makroiqtisadi sabitliyi təmin edən iqtisadi artımla müəyyənləşir. Bu baxımdan, hər il olduğu kimi, 2012-ci ildə də muxtar respublikada Ümumi Daxili Məhsulun həcmində artım təmin olunmuş, sənaye və digər istehsal sahələrinin inkişafına diqqət artırılmışdır. Bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, yerli xammaldan istifadəyə əsaslanan yeni istehsal və xidmət sahələri işə salınmışdır. Nəticədə, muxtar respublikanın idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalmış, iqtisadiyyatın daxili resurslar hesabına ixracyönümlü inkişaf xətti götürməsi təmin edilmişdir. İstifadəyə verilmiş onlarla təhsil, səhiyyə, mədəniyyət obyektləri, dünya standartları səviyyəsində çəkilmiş yollar iqtisadi tərəqqinin mühüm göstəricilərindəndir. Əldə olunmuş nəticələr arxayınlaşmaq üçün əsas vermir. Bu nəticələrin daha da yaxşılaşdırılması üçün fəaliyyət gücləndirilməli, bəzi sahələrdə buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmalıdır”.
Ali Məclisin Sədri ötən il işdə buraxılmış nöqsanlara toxunaraq demişdir: “Araşdırmalar göstərir ki, müvafiq tapşırıqların verilməsinə baxmayaraq, daxili bazarın qorunması və yerli istehsalın inkişafı sahəsində imkanlardan hələ də tam istifadə olunmur. Muxtar respublikada iqtisadi inkişafın nəticəsi olaraq əhalinin gəlirləri artır. Bu, təbii haldır. Lakin yol vermək olmaz ki, gəlirlərin həcmində müşahidə olunan artım istehlak bazarında qiymətlərin də heç bir səbəb olmadan artması ilə nəticələnsin. Yerli istehsalın inkişafı, istehsal olunmuş məhsulların satış həcminin artırılması bu məhsulların muxtar respublika hüdudlarından kənarda da satışa çıxarılmaq imkanlarının düzgün qiymətləndirilməsindən xeyli dərəcədə asılıdır. Lakin muxtar respublikada məhsulun ixrac potensialının artırılması istiqamətində görülən işlər qənaətbəxş deyil. Yerli məhsulların lazımi səviyyədə tanıdılmaması və reklamın bazar iqtisadiyyatı prinsiplərinə uyğun qurulmaması həmin məhsulların xarici bazara çıxışına mane olur”.
Muxtar respublikada əməliyyatların nağd yolla aparılmasının qarşısının lazımi səviyyədə alınmadığını bildirən Ali Məclisin Sədri demişdir ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, muxtar respublikada 2 min 161 hüquqi, 14 min 676 fiziki şəxs olmaqla, 16 min 837 bank hesabı açılmışdır. Lakin onlardan 2780-i və ya 17 faizi aktiv hesab deyil. Bu isə onu göstərir ki, aktiv olmayan hesab sahibləri ya əməliyyatları nağd yolla həyata keçirirlər, ya da onların fəaliyyətləri üçün müvafiq qurumlar tərəfindən lazımi şərait yaradılmayıb.
“Son illər muxtar respublikada tikinti işləri geniş vüsət almışdır”, – deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, istifadəyə verilən, müasir standartlara uyğun tikilən sosial və inzibati obyektlərin sayının ildən-ilə artmasına baxmayaraq, tikinti təşkilatlarının keyfiyyət amilinə yetərincə diqqət yetirməməsinin nəticəsidir ki, istifadəyə veriləndən sonra bəzi obyektlərin əsaslı təmirinə ehtiyac yaranır. Kənd təsərrüfatında da mövcud potensialdan tam istifadə olunmur. Əkinəyararlı torpaq sahələrinin elmi cəhətdən araşdırılması və onların əkin dövriyyəsinə daxil edilməsi, əkin zamanı mütərəqqi üsulların tətbiqi, texnikadan səmərəli istifadə işi düzgün təşkil edilməmişdir. Bütün bunlar əldə olunan nəticələrin daha da artırılmasına mane olur. Məhsuldarlığa mənfi təsir göstərən digər amil isə şoranlaşma və eroziyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter almaması, suvarmanın düzgün aparılmaması və mütərəqqi suvarma metodlarından istifadənin zəif təşkili ilə bağlıdır.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın şəhər və rayonlarında aparılan yoxlamalar göstərir ki, aid orqanlar tərəfindən istehlakçıların elektrik enerjisi və təbii qazdan səmərəli və düzgün istifadəsinə lazımi səviyyədə nəzarət olunmur. Pərakəndə çəkilmiş elektrik dirəkləri və xətləri vaxtında dəyişdirilmir, xətlərə toxunan ağacların budanması davamlı təşkil olunmur. İstər rayon mərkəzlərində, istərsə də qəsəbə və kəndlərdə nizam-intizam aşağı səviyyədədir. Yeni tikilən inzibati binaların saxlanma vəziyyəti qənaətbəxş deyil. Şəhər və rayon mərkəzlərində təmir olunmayan çoxmərtəbəli yaşayış binalarında blokların qapı və pəncərələri, həmçinin dam örtüklərinin bir çoxunun nasaz vəziyyətdə olması qış mövsümünə hazırlığın yerlərdə aşağı səviyyədə təşkil olunduğunu göstərir”.
Təhsil, səhiyyə, mədəniyyət və kütləvi informasiya vasitələrinin fəaliyyətlərində də bir sıra nöqsanların olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, təhsilin təşkili sahəsində bir sıra problemlər vardır. Ümumtəhsil müəssisələrinin hamısının ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmasına baxmayaraq, tədrisin müasir tələblər səviyyəsində təşkili, tədris zamanı müasir interaktiv metodlardan istifadə lazımi səviyyədə deyil. Səhiyyə müəssisələrinin də fəaliyyətində nöqsanlar vardır. Son illər ərzində səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması ilə bağlı muxtar respublikada bir sıra tədbirlər həyata keçirilmiş, ən müasir xəstəxanalar, tibb ocaqları istifadəyə verilmişdir. Lakin təəssüf ki, kadr çatışmazlığı, həkimlərin və tibb işçilərinin bilik səviyyələrinin aşağı olması ən müasir avadanlıqlardan istifadə əmsalını aşağı salır, diaqnoz qoyularkən və ya laborator müayinələr aparılarkən səhvlərə yol verilir. Tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət zəifdir. Mədəniyyət müəssisələri də öz işlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bir çox mədəni-maarif müəssisələrində aparılan yoxlamalar göstərir ki, bu müəssisələrin əksəriyyətində iş intizamı aşağı səviyyədədir, tədbirlər planına əməl olunmur. Muxtar respublika kitabxanalarına, eləcə də təhsil müəssisələrindəki kitabxanalara 1 milyon nüsxədən artıq latın qrafikası ilə yeni nəşr olunmuş kitabların verilməsinə baxmayaraq, onlardan istifadə aşağı səviyyədədir. Bu, kitabxanalarda işin düzgün qurulmamasının, oxucu cəlbi üçün maarifləndirici tədbirlərin aparılmamasının nəticəsidir. Bir çox hallarda belə müəssisələrdə qeyri-ixtisas sahiblərinin işə götürülməsi də işdə nöqsanların yaranmasına gətirib çıxarır. Muxtar respublikanın kütləvi informasiya vasitələri də yaradılan şəraitdən düzgün istifadə etmirlər. 2012-ci ildə işdə müəyyən nöqsanlara yol verilmiş, Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Dövlət Radiosunda yaradıcı iş düzgün qurulmamış, proqram siyasəti lazımi səviyyədə aparılmamış, efirdə nöqsanlara yol verilmişdir. “Şərq qapısı” qəzetində, şəhər və rayon qəzetlərində verilən yazılarda janrların tələblərinə əməl edilməmişdir. Mətbuat orqanlarında yaradıcılıq axtarışının olmaması, kənar müəlliflərlə işin istənilən səviyyədə qurulmaması kimi problemlər hələ də qalmaqdadır.
“Qeyd olunan nöqsan və çatışmazlıqlar aidiyyəti qurumların məsuliyyət hissinin artırılmasını tələb edir. Qarşıdakı dövr ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyətləri işə münasibəti kökündən dəyişməlidirlər”, – deyən Ali Məclisin Sədri aidiyyəti orqanlara konkret tapşırıqlar verərək bildirmişdir ki, muxtar respublika büdcəsinin həcminin ildən-ilə artması nəzərə alınaraq Maliyyə Nazirliyi və onun yerli qurumları büdcə vəsaitinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti artırmalı, debitor borcların yaranmasının qarşısını almalı, qanunsuz xərclərə yol verməməlidirlər. İqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması təmin olunmalıdır. Bunun üçün Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməli, əməliyyatların bank hesabları vasitəsilə aparılmasına nəzarəti gücləndirməlidirlər. Gəlirlərin inflyasiya təsirindən qorunması, bazarda pul kütləsinin artmasının qarşısının alınması məqsədilə əhalidə və sahibkarlıq subyektlərində olan sərbəst pul vəsaitlərinin banklara cəlb olunması üçün muxtar respublikada fəaliyyət göstərən bank müəssisələri tərəfindən maarifləndirmə tədbirləri gücləndirilməli, yeni əmanət növləri və faizləri tətbiq olunmalıdır. Özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə tapşırmışdır ki, aidiyyəti orqanlarla birlikdə muxtar respublikanın ticarət obyektlərində alğı-satqı əməliyyatlarının digər valyutalarla aparılmasının qarşısını alsın, Azərbaycan manatının əsas tədavül vasitəsi olmasına nəzarəti artırsın, quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin olunması üçün əhali və sahibkarlıq subyektləri arasında izahat işlərini gücləndirsin. Şəhər və rayon icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri də öz işçilərinin bankomat kartları vasitəsi ilə POS-terminallardan istifadələrinə nəzarəti gücləndirməlidirlər. Bununla bağlı hər bir təşkilatda tədbirlər görülməli, nağdsız əməliyyatların aparılması istiqamətində işçilərin məsuliyyəti artırılmalıdır.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi üçün də konkret vəzifələr müəyyənləşdirmişdir. Qeyd olunmuşdur ki, daxili bazarın xarici amillərin təsirindən qorunmasında yerli istehsalın inkişafının xüsusi rolu nəzərə alınaraq yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən və satış bazarı olan yeni müəssisələrin yaradılması İqtisadi İnkişaf Nazirliyi tərəfindən bundan sonra da daim diqqət mərkəzində saxlanmalı, daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təsirliliyi artırılmalıdır. Nazirlik istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədilə yeni müəssisələr yaradılarkən mütərəqqi texnologiyaya əsaslanan təkliflərə daha çox üstünlük verməlidir. Həmçinin yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının təşkili məqsədilə marketinq araşdırmaları aparılmalı və bu məhsulların reklamının müasir tələblər səviyyədə təşkilinə xüsusi diqqət yetirilməlidir. İqtisadi İnkişaf Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon mərkəzlərində və kəndlərdə kiçik fərdi təsərrüfatların və istehsal sahələrinin yaradılması və onların fəaliyyətinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində səylərini artırmalıdırlar.
Ali Məclisin Sədri demişdir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qablaşdırılmış və ədədi məhsulların çəkisi, keyfiyyətinin yoxlanması, digər patentləşdirilmiş əmtəə nişanı adı altında bazarlara keyfiyyətsiz məhsul çıxarılmasına qarşı tədbirləri gücləndirməli, aid qurumlarla birgə vaxtı ötmüş və sağlamlıq üçün zərərli məhsulların satışdan çıxarılmasını təmin etməlidir. Yerli istehsalın qorunması, həmçinin istehlak bazarının keyfiyyətli məhsullarla təchiz olunması üçün Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının mövsümə uyğun olaraq tənzimlənməsini bundan sonra da davam etdirməlidir. Dövlət Gömrük Komitəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə geni dəyişdirilmiş meyvə və tərəvəz, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısını almaq məqsədilə təsirli tədbirlər görməlidir. Qeyd olunanlarla yanaşı, Gömrük Komitəsi dövlət sərhədinin bütün buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üzrə tədbirlərin müasir tələblər səviyyəsində təşkilini bundan sonra da diqqət mərkəzində saxlamalıdır”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, həyata keçirilən islahatların nəticəsi olaraq, kənd təsərrüfatı məhsulları istehsalında hər il artım müşahidə olunur. İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri qiymət artımına yol verməmək üçün istehsal olunmuş məhsulların yarmarkalar vasitəsi ilə birbaşa istehsalçılar tərəfindən satışını davam etdirməlidirlər. Soyuducu anbarlarda məhsulların saxlanmasının normativ qaydalara uyğunluğunun təmin edilməsi, eləcə də mövsüm ərzində tələbatdan artıq məhsulun anbarlara cəlb olunması üçün İqtisadi İnkişaf Nazirliyi öz fəaliyyətini gücləndirməlidir. Kənd təsərrüfatının muxtar respublika iqtisadiyyatındakı xüsusi çəkisi nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müvafiq qurumlarla birgə yerlərdə sahibkarlarla görüşlər keçirməli, intensiv əkin metodları təbliğ olunmalı, əkin və suvarma işlərinin yeni qaydada aparılmasına diqqət artırılmalıdır. Əkin zamanı torpaq altına qüvvəli yemləmə gübrələrinin verilməsi təmin edilməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lazımi gübrə ehtiyatı yaradılmalıdır.
Qeyd olunmuşdur ki, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması məsələləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsini təşkil etməlidirlər. Əkinçilikdə məhsuldarlığın artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə yeni məhsuldar sortların sınaqdan keçirilməsinə və rayonlaşdırılmasına xüsusi diqqət yetirməlidir. Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olan ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərini gücləndirməli, tələb olunan dərman preparatlarına tələbatı dürüstləşdirməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə həmin dərman preparatlarının muxtar respublikaya gətirilərək istehsalçılara çatdırılması təmin edilməli, onlardan yerində, vaxtında və qaydasında düzgün istifadə edilməsilə bağlı izahat işləri aparılmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi eroziyaya uğramış, şoranlaşmış və digər səbəblərdən əkin üçün yararsız hala düşmüş torpaqların müəyyən edilməsi, xəritələşdirilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirməlidirlər.
Müşavirədə bildirilmişdir ki, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi torpaqların şoranlaşmasının qarşısını almaq üçün meliorativ tədbirləri davam etdirməli, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan səmərəli istifadəni daim nəzarətdə saxlamalıdır. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, profilaktik tədbirləri gücləndirməli, xəstəliklərin qarşısının alınması, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməli, süni mayalanmanın üstün cəhətlərinin təbliği, mal-qaranın, xüsusilə gətirilmiş damazlıq cins mal-qaranın saxlanılma şərtləri ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatına yararsız və ya azyararlı torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını diqqət mərkəzində saxlamalı, meşə fondundan səmərəli istifadə olunması, onun qorunması və bərpası ilə bağlı tədbirləri daha da gücləndirməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi muxtar respublikada həyata keçirilən tikinti-abadlıq işlərində keyfiyyət amilinə nəzarəti artırmalı, tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilər arasında texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırmanın təşkilini, işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunmasını nəzarətdə saxlamalıdır. Tikintilərdə keyfiyyət sertifikatı olmayan materialların gətirilərək istifadə olunmasının qarşısı alınmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mülkiyyətindən asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda işçilərlə əmək müqaviləsinin bağlanması vəziyyətini, bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin mövcudluğunu araşdırmalı, əməyin mühafizəsinin təşkili vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlamalıdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində muxtar respublikanın tələbatına uyğun peşə kurslarının təşkili davam etdirilməlidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada universal telekommunikasiya və poçt xidmətlərinin, eləcə də simsiz internetin əhatə dairəsinin genişləndirilməsi və aidiyyəti təşkilatlarla birlikdə elektron hökumətin yaradılması istiqamətində fəaliyyətini daha da artırmalıdır.
Son illər geniş vüsət alan quruculuq tədbirlərinin əsas tərkib hissəsindən birinin də magistral və yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, müasir tələblər səviyyəsində inşa olunan yollar əhalinin rahat gediş-gəlişi üçün imkanlar yaratmış, bununla yanaşı, ucqar kəndlərimizin iqtisadi inkişafına da müsbət təsir göstərmişdir. Nəqliyyat Nazirliyi muxtar respublikanın bütün yaşayış məntəqələrinə gediş-gəlişi təmin etmək məqsədilə yeni marşrutların yaradılmasını diqqət mərkəzində saxlamalı, yerli icra hakimiyyətləri ilə birlikdə xüsusən qış aylarında bütün marşrutların vaxtlı-vaxtında hərəkətini təmin etməlidir. Dövlət Baş Sığorta Agentliyi isə muxtar respublikada sığorta fəaliyyətinin canlandırılması üçün müvafiq işlər görməli, aidiyyəti orqanlarla birlikdə sığortanın, xüsusilə könüllü sığortanın müxtəlif növlərinin mahiyyəti və təbliği ilə bağlı hüquqi və fiziki şəxslər arasında izahat xarakterli tədbirlərin keçirilməsinə nail olmalı, əhali arasında sığortaya olan etibarlılığı artırmaq üçün müvafiq işlər görməli, yol verilmiş nöqsanları aradan qaldırmalıdır.
Müşavirədə prioritet sahə olan təhsilin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmış, Təhsil Nazirliyinin qarşısında konkret vəzifələr qoyulmuşdur. Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Təhsil Nazirliyi ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalı istifadəni təmin etməli, dərs zamanı müasir əyani vasitələrin tətbiqi üçün müvafiq tədbirlər həyata keçirməlidir. Müasir dünyada yüksək bilik və məlumat əldə etməyin əsas yollarından olan xarici dillərin tədrisinə ciddi diqqət yetirilməlidir. Bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə tədris planlarında yer alan dərnək və fakültativ məşğələlərin təşkili kampaniya xarakteri daşımamalı, şagirdlərin dərsdənsonrakı təhsilə marağı artırılmalı, həmçinin məktəbyaşlı uşaqların fiziki hazırlığını gücləndirmək məqsədilə bədən tərbiyəsi və hərbi hazırlıq dərslərinin təşkilinə gündəlik nəzarət olunmalıdır. Ali təhsil müəssisələri ixtisaslı kadrlara olan tələbatın dolğun şəkildə ödənilməsini təmin etməli, kadr hazırlığına ciddi yanaşmalı, nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, bu biliklərin praktik cəhətdən mənimsənilməsi üçün aidiyyəti orqanlarla birlikdə təcrübi məşğələlərin keçirilməsinə diqqəti artırmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır ki, müvafiq qurumlarla birlikdə iş yerlərində, bazarlarda, kommunal və ictimai xidmət obyektlərində sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarəti artırsın. Səhiyyə müəssisələrində əmək intizamına, tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsinə ciddi əməl olunsun. Tibb müəssisələrində quraşdırılan müasir avadanlıqların öyrənilməsi və qorunmasına, vaxtlı-vaxtında servis xidmətinin təşkilinə nəzarət olunsun, dezinfeksiya işlərinin aparılması təmin edilsin.
Ali Məclisin Sədri demişdir: “Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlara nəzarət etməli, mədəniyyət müəssisələrinin, klub və kitabxanaların fəaliyyətində ciddi dönüş yaratmalıdır. İnsanların intellektual səviyyəsinin artırılması, təhlil aparmaq qabiliyyətinin formalaşdırılması üçün hər zaman ehtiyac duyduğu vasitələrdən biri olan kitab oxumaq və mütaliə mədəniyyətini artırmağın ən sadə yolu kitabxanaların xidmətindən istifadədir. Buna görə də kitabxana işi günün tələbləri səviyyəsində təşkil olunmalı, kitabxanalara oxucu cəlbinin yeni metod və vasitələrindən istifadə edilməlidir. Mədəniyyət müəssisələri folklorumuzun, bütövlükdə milli dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində səylərini artırmalıdırlar. Muxtar respublikada yaradıcılıq təşkilatlarının fəaliyyəti xüsusi qayğı ilə əhatə olunub, onların səmərəli fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Buna baxmayaraq, yaradıcılıq birlikləri hələ də durğunluqdan çıxa bilmirlər. Muxtar respublikada gənclərlə aparılan iş də yaxşılaşdırılmalı, Gənclər və İdman Nazirliyi gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli dəyərlərimizə hörmət ruhunda tərbiyəsinə diqqəti gücləndirməlidir. Gənclərin sağlam böyüməsində idmanın xüsusi rolu nəzərə alınmalı, gənc və yeniyetmələr idman federasiyalarına cəlb edilməli, idmanın kütləviliyi təmin olunmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq işlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamalı, ailə dəyərlərinin qorunması sahəsində maarifləndirici tədbirləri gücləndirməlidir. Dövlət Statistika Komitəsi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların, eləcə də tematik icmalların hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmasını bundan sonra da davam etdirməlidir”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada hər il onlarla yeni müəssisə istifadəyə verilir, yeni iş yerləri açılır, əhalinin məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülür. Buna uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu özəl sektorda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə tam şəkildə cəlb olunması üçün tədbirlərin ardıcıllığını və nəticəli olmasını təmin etməlidir. Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi enerji daşıyıcılarından qanunsuz istifadənin aradan qaldırılmasına nəzarəti gücləndirməli, itki faizlərinin aşağı salınması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər. Həmçinin sel təhlükəsi olan ərazilərdən keçən elektrik və qaz xətlərinin yerinin dəyişdirilməsi üçün müvafiq işlər davam etdirilməlidir. Şəhər və rayon İcra hakimiyyətləri əkinəyararlı torpaq sahələrindən səmərəli istifadəni diqqət mərkəzində saxlamalı, kənd təsərrüfatı məhsullarının satış bazarlarına çıxarılması üçün məhsul istehsalçılarına müvafiq şəraitin yaradılmasını təmin etməlidirlər. Bununla yanaşı, yerlərdə abadlıq işlərinin keyfiyyətlə aparılmasına, salınmış yaşıllıqların mühafizəsinə, tullantıların vaxtlı-vaxtında yığışdırılmasına, istifadəyə verilmiş xidmət və infrastruktur obyektlərinin normal fəaliyyətilə yanaşı, qorunmasına da xüsusi diqqət yetirilməli, yerlərdə nizam-intizam gücləndirilməlidir.
Ali Məclisin Sədri muxtar respublikanın hüquq-mühafizə orqanları üçün də konkret vəzifələr müəyyənləşdirərək demişdir: “Daxili İşlər Nazirliyi avtonəqliyyat vasitələrinin uçot-qeydiyyat işlərini günün tələbləri səviyyəsində qurmalı, POS-terminallardan istifadə səviyyəsi yaxşılaşdırılmalıdır. Həmçinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin səmərəliliyi artırılmalıdır. Ədliyyə Nazirliyi qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlarda qanunvericiliyin tələblərinin gözlənilməsini təmin etməli, bələdiyyələrlə işə, eləcə də onların fəaliyyətinə nəzarətlə bağlı həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasına nail olmalıdır. Fövqəladə Hallar Nazirliyi istehsalat sahələrində, xüsusilə tikintilərdə mexanizm və avadanlıqların istifadədən əvvəl texniki təhlükəsizlik ekspertizasından keçirilməsinə nail olmalı, tikinti işlərini həyata keçirən məsul şəxslərin ixtisasını təsdiq edən sənədlərin mövcudluğuna nəzarəti gücləndirməli, səfərbərlik ehtiyatlarının yaradılması ilə bağlı vəzifələrin icrasını təmin etməlidir”.
Hüquqi maarifləndirmə işinin səviyyəsinin artırılması, vətəndaşların hüquq və vəzifələrinin izah olunmasında yaxından iştirak edilməsi muxtar respublikanın məhkəmə və prokurorluq orqanlarına tapşırılmışdır.
Müşavirədə qeyd olunmuşdur ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya test bankının daim yenilənməsini və ekspertizasını təşkil etməli, dövlət qulluqçularının reyestrinin formalaşdırılmasını başa çatdırmalıdır. Kütləvi informasiya vasitələri öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. İnsanların maarifləndirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmalı, jurnalistlər gənc nəsildə vətənpərvərlik, yurd sevgisi hisslərini aşılamalıdırlar. Muxtar respublikamızda fəaliyyət göstərən teleradiolarda yeni veriliş və proqramlar, sənədli və televiziya filmləri hazırlanmalı, qəzetlərdə yeni rubrikalar açılmalı, yaradıcılıq işinin keyfiyyəti yüksəldilməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayaraq demişdir ki, muxtar respublikanın inkişafı bizim hər birimizi düşündürməli, hər bir sahədə məsuliyyət hissi artırılmalı, “Heydər Əliyev ili”ndə daha da səylə çalışmalıyıq.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti