Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyasının 16,6 kilometr uzunluğundakı təzyiqli boru xətti yenilənmiş, mövcud supaylayıcı hovuzda təmir-bərpa işləri aparılmışdır. Yeni boru xətti 2 min hektardan artıq torpaq sahəsində dayanıqlı suvarma tədbirlərinin həyata keçirilməsinə imkan verəcəkdir.
Bildirilmişdir ki, hazırda supaylayıcı hovuzdan 3 min metr uzunluğunda özüaxımlı boru xətti çəkilir. Bu günə qədər 810 metr məsafədə tikinti işləri başa çatdırılmışdır. Həmçinin ərazidə vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsinin bərpa edilməsi də nəzərdə tutulmuşdur. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən torpaq sahələrinin etibarlı su təminatına şərait yaradacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin mühəndis-texniki tələblər nəzərə alınmaqla aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti