İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 10 illiyi və lisey kursantlarının 2014-cü il buraxılışı münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Hərbi Liseydəki büstü önünə gül qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.
Ali Məclisin Sədri kursantları salamlamışdır.
Şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa etmişdir.
Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək demişdir ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ixtisaslı və peşəkar kadr təminatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Hərbi Lisey göstərilən dövlət qayğısı sayəsində qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, kursantların yaşayışı, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görülür.
Qeyd olunmuşdur ki, bu gün məqsəd təkcə fiziki cəhətdən sağlam, savadlı, yetkin gənclər deyil, həm də Vətənə, dövlətə, milli dəyərlərə, ən əsası isə ümummilli lider Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirməkdir. Hərbi Liseydə kursantlarla aparılan iş də ümummilli liderimizin irsini, onun ideyalarını dərindən öyrənmək və gələcək xidmətdə tətbiq etmək prinsipi üzərində qurulmuşdur. Hərbi Liseyin rəisi təhsil ocağının maddi-texniki bazasının mütəmadi olaraq gücləndirilməsinə, kursantların təhsilinə və hazırlanmasına göstərdiyi qayğıya və buraxılış mərasimindəki iştirakına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Çıxış edən valideyn Nadir İsmayılov demişdir ki, kursantların peşəkar hərbçi kimi yetişməsi, Milli Ordumuzda ləyaqətlə xidmət etməsi valideynlərin ən böyük arzusudur. Bu gün Hərbi Liseydə vətənpərvər, ölkəsinə və xalqına layiqli övladlar yetişdirilir. İstər yaradılan təhsil şəraiti, istərsə də kursantların yaşayışı və fiziki hazırlıqlarının yüksək səviyyədə təşkili bunu deməyə əsas verir ki, qədim Azərbaycan torpağı olan Naxçıvan bu gün bütün sahələrdə olduğu kimi, hərbi kadrların hazırlanmasına da öz töhfəsini verir.
Kursant Əmrah Məmmədov çıxış edərək demişdir: “Qarşımızda peşəkar zabit kimi yetişmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq kimi şərəfli vəzifələr durur. Bu gün müstəqil dövlətimizin təminatçısı olan qüdrətli ordumuz vardır. Bu ordu sıralarında zabit kimi xidmət etmək ən böyük arzumuzdur. Gələcək təhsil illərində səylə çalışacaq, hərbi biliklərə dərindən yiyələnəcək, Hərbi Liseyin məzunu adını şərəflə doğruldacağıq”.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 14-cü buraxılışının əlamətdar dövrdə – Hərbi Liseyin yaradılmasının 10-cu ildönümündə keçirildiyini bildirmiş, ulu öndərin adını daşıyan təhsil müəssisəsinin 10-cu ildönümü və Hərbi Liseyin 14-cü buraxılışı münasibətilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edərək demişdir: “Müstəqil Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Bu yol Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi yoludur. Onun ən mühüm istiqamətlərindən birini isə milli hərbi kadrların hazırlanması təşkil edir”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmiz müstəqillik əldə etdikdən və ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra ordu quruculuğu daha geniş vüsət almış, maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, hərbi kadrların hazırlanmasına da üstün istiqamət verilmişdir. Naxçıvanlı gənclərin hərbi təhsil almalarının zəruriliyindən danışan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Azərbaycan dövlət müstəqilliyini ilbəil möhkəmləndirərək eyni zamanda ordusunun zabit heyətini peşəkar kadrlarla təmin etməyə çalışır. Bu baxımdan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması məsələsi meydana çıxdı. Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır. Bu çətinliklər Naxçıvan Muxtar Respublikasında əlavə tədbirlər görməyimizi tələb edirdi. Bütün bunları nəzərə alaraq, biz burada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialını yaratdıq. İnanıram ki, Naxçıvan filialı qısa bir zamanda burada yeni bir hərbi liseyin yaranması üçün əsas qoyubdur”.
Gələcəyə böyük ümidlərlə söylənən bu fikirlər reallığa çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə 1998-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Dövlət başçısının diqqət və qayğısı ilə Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçmişdir. Burada nümunəvi hərbi tədris şəhərciyi təşəkkül tapmış, kursantların yaşayışı, təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülmüşdür. Heydər Əliyev adına Hərbi Lisey ötən dövrlər ərzində tədris və tərbiyə sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Filial kimi 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 656 kursant təhsil alır. Ötən dövrlərdə Hərbi Liseyin məzunlarından 1857-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Müdavimlərdən min nəfərə yaxını isə hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirirlər”.
Ali Məclisin Sədri demişdir: “Biz bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən, bu məktəbin məzunlarının hərbi xidmətdəki fəaliyyətlərini izləyərkən möhkəm iradəyə malik vətənpərvər gəncliyi görür, istər-istəməz doğma Azərbaycanımızın gələcəyini düşünür və bununla iftixar hissi keçiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaq böyük məsuliyyət və şərəf işidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
“Azərbaycanın müstəqilliyi xalqımızın sahib olduğu ən böyük milli dəyərdir. Bu dəyəri qorumaq hər birimizin müqəddəs borcudur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlətçiliyə sədaqət, dövlət müstəqilliyinin qorunması doğma Azərbaycanımızın bu günü və gələcəyi, bütövlüyü və suverenliyi üçün vacib şərtdir. Böyük dövlət xadimi Heydər Əliyev deyirdi ki: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.
Ali Məclisin Sədri bir daha kursantları təbrik etmiş, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseyin müəllimlərinə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini, “Rəşadətli əməyə görə” nişanını, eləcə də liseyin əlaçı kursantlarına attestatları və Hərbi Liseyə xatirə hədiyyəsini təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmışdır.
Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov Heydər Əliyev adına Hərbi Liseyin inkişafına göstərdiyi diqqət və qayğıya görə şəxsi heyət adından Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.
Kursant Kəmaləddin Musayev təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuş, orkestrin müşayiəti ilə “Hərbi Lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri kursantlarla xatirə şəkli çəkdirmişdir.
Sonra Ali Məclisin Sədri Hərbi Liseydə tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanmış, kursantlarla birlikdə nahar etmişdir.
10 illiyini qeyd edən Heydər Əliyev adına Hərbi Liseyə yeni xidməti avtomobil hədiyyə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti