07 Yanvar 2025, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə tariximizə yazılan Milli Qurtuluş Günü müstəqil Azərbaycana inkişaf və tərəqqi, xalqımıza isə yüksək həyat şəraiti və sosial rifah bəxş etmişdir. Bu gün ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi eyni zaman­da ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması ilə xarakterizə olunur. Sosial qayğıya ehtiyacı olan insanların mən­zil və minik avtomobilləri ilə təmin olunması da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində 5 Azərbaycan Vətən müharibəsi, 4 Çernobıl və 11 müharibə əlillərinə bərabər tutulan şəxslərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud vətəndaşlara hərtərəfli qayğı göstərilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ilin ötən dövründə sağlamlıq imkanları məhdud 88 nəfərin Əlillərin Bərpa, 123 uşağın isə Uşaq Bərpa mərkəzlərində müalicələri təşkil olunmuş, 31 nəfər sanatoriya və pansionatlara göndərilmişdir. Məhdud fiziki imkanlıların məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, 20 nəfər minik avtomobili ilə təmin olunmuşdur. Bu kateqoriyadan olan 2 vətəndaş üçün fərdi yaşayış evinin tikintisi isə davam etdirilir. Cavid Səfərov göstərilən qayğıya görə müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, yeni avtomobillərlə təmin olunanları təbrik edərək demişdir: “Bu gün muxtar respublikada Azərbaycan Vətən müharibəsi iştirakçılarına, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən və müharibə əlillərinə bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edilir. Həyata keçirilən bu tədbir ölkəmizin iqtisadi inkişafının nəticəsi olmaqla yanaşı, həm də sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Bu kateqoriyadan olan insanların çəkdikləri zəhmət, göstərdikləri xidmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar minik avtomobilləri ilə təmin olunurlar”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan dövlətinin və xalqının həyatında iki tarix əlamətdardır. Bunlardan biri 1969-cu ilin 14 iyul günüdür ki, bu tarixdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın rəhbəri seçilmişdir. Həmin dövrdə dahi şəxsiyyətin apardığı uğurlu islahatlar və həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində ölkəmiz keçmiş Sovetlər Birliyinin aqrar əlavəsindən özü-özünü təmin edən, dotasiyasız yaşayan və iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyi bir respublikaya çevrilmişdir. Ölkəmizin həyatında ikinci əlamətdar tarix isə 1993-cü ilin 15 iyun günüdür. Bu tarixdə ümummilli liderimiz xalqın təkidli tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtmış, Azərbaycan xaosdan, vətəndaş müharibəsi təhlükəsindən sabitliyə, iqtisadi tənəzzüldən sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. 15 iyun Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi yazılmışdır. Belə bir əlamətdar bayram günü ərəfəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara minik avtomobillərinin təqdim olunması da ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrəsidir”.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan inkişaf edir, insanların rifah halı yüksəlir, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsi gücləndirilir. Bütün bunlar isə ulu öndərimizin yoluna sədaqətin nəticəsində mümkün olur. Bu yola sədaqət Azərbaycanı bundan sonra da inkişaf və tərəqqiyə qovuşduracaqdır.
Avtomobillərin açarlarını təqdim edən Ali Məclisin Sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat və xoş günlər arzulamış, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmişdir.
Minik avtomobilləri ilə təmin olunanlar göstərilən qayğıya görə minnətdarlıq etmiş və bunu ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR