İyunun 15-də Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə bayram konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, ulu öndərimiz Heydər Əliyevin öz xilaskarlıq missiyasına başladığı gün – 15 iyun Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. 21 il bundan əvvəl ümummilli liderimizin ali hakimiyyətə qayıdışı qədim Naxçıvandan başlanmışdır. Naxçıvan dahi rəhbərimizin 3 illik siyasi fəaliyyətinin tarixiləşdiyi qədim torpaq və qurtuluşun vətənidir.
Ulu öndərimizin ali hakimiyyətə qayıdışı ilə Azərbaycan onu gözləyən bəlalardan xilas oldu. Bu xilaskarlıq missiyası müstəqil dövlətçilik tariximizə şanlı bir səhifənin başlanğıcı kimi daxil olmuşdur. Müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan böyük işlər görmüş, ölkəmizi sürətli inkişaf və tərəqqi yoluna çıxarmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu. 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan ümummilli liderimizin yolu ilə inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr Naxçıvana yeni həyat vermiş, onu intibaha qovuşdurmuşdur.Ulu öndərimizin tarixi xilaskarlıq missiyası olmasaydı, bugünkü Azərbaycan da olmayacaqdı. Bugünkü xoş və firavan həyata görə xalqımız daim ulu öndərə borcludur. Onun adı, işi və əməlləri qüdrətli Azərbaycanın hər yerində yaşayır və yaşayacaqdır. Yüz illər, min illər bundan sonra da xalqımız Azərbaycana səadət bəxş edən 15 İyun – Milli Qurtuluş Gününü sevinclə bayram edəcək, ulu öndərin tarixi xidmətlərini daim minnətdarlıqla xatırlayacaqdır.
Bayram konsertində Aysel Əlizadə, aşıq Əli Tapdıqoğlu və Röya Ayxanın çıxışları stadiona toplaşmış minlərlə tamaşaçının alqışları ilə qarşılanmışdır.
Sonda bayram atəşfəşanlığı olmuşdur.
Konsertdən sonra ifaçılarla görüşən Ali Məclisin Sədri onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik edərək demişdir ki, hər bir ölkənin inkişafı onun mədəniyyətindən başlayır. Bu gün ölkəmizdə digər sahələrlə yanaşı, mədəniyyət də özünün intibah dövrünü yaşayır. Bütün bunlar isə Milli Qurtuluş Gününün bəhrələridir. Xalqımız Azərbaycana tərəqqi və inkişaf bəxş edən Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Muxtar respublikada qurtuluş bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir. Bunun davamı olaraq, naxçıvanlılara sizin ifanızda bu bayrama layiq gözəl konsert proqramı təqdim edildi.
Bayram konserti Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də 15 İyun – Milli Qurtuluş Günü münasibətilə el şənlikləri keçirilmiş, bayram konsertləri olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti