Biçənək kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir
Muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Biçənək kəndində yeni məktəb binası tikilmişdir.
Noyabrın 23-də Biçənək kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Biçənək kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik edərək demişdir: “Müasir tələblər səviyyəsində inşa olunan məktəb binası yeni tədris vasitələri ilə tam təmin olunaraq kollektivin istifadəsinə verilir. 252 şagird yerlik olan məktəbdə 14 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları və hərbi kabinə, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən artıq kitab fondu olan kitabxana, kompyuter sinfi vardır. Məktəbdə yaradılan şərait tədrisin müasir forma və metodlarla aparılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir” fikrini xatırladaraq demişdir: “Ümummilli liderimizin bu tövsiyələri əsas götürülərək ölkəmizdə təhsil quruculuğu ümumxalq işinə çevrilmişdir. Bu gün təhsilin inkişafı üçün dövlət, cəmiyyət və məktəb öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bunun nəticəsidir ki, ölkəmizdə təhsilin səviyyəsi yüksəlir, ali təhsilli, yüksək intellektə və peşə bacarığına malik vətənpərvər gənclərimizin sayı ildən-ilə artır”.
Ali Məclisin Sədri demişdir ki, Biçənək kənd tam orta məktəbi də bilikli, vətənpərvər gənclər yetişdirən təhsil ocaqlarımızdan biridir. Bu il məktəbin 13 məzunundan 4-ü ali məktəblərə, 1-i isə doqquzuncu sinif bazasından Naxçıvan Musiqi Kollecinə qəbul olunmuşdur. Tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplamışdır. Bu, məktəbin pedaqoji kollektivinin səmərəli fəaliyyətinin nəticəsidir.
Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirmişdir.
Açılış tədbirində çıxış edən məktəbin müəllimi Səbinə Hüseynova demişdir ki, Biçənək kəndində yeni məktəb binasının tikilməsi pedaqoji kollektivin və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Bu, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Yaradılan şəraitin kollektivin üzərinə mühüm vəzifələr qoyduğunu qeyd edən Səbinə Hüseynova göstərilən dövlət qayğısının müqabilində daha səylə çalışacaqlarını, məktəbin təhsil uğurlarını daha da artıracaqlarını bildirmişdir.
Ali Məclisin Sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Şahbuz rayonunun ümumtəhsil məktəblərində də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin intellektual potensialının artırılması, tədris olunan dərslərin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan Biçənək kənd tam orta məktəbi müasir avadanlıq və əyani tədris vasitələri ilə təchiz edilmiş, sınaqların keçirilməsi və təcrübələrin aparılması üçün hər cür şəraiti olan kimya, biologiya və fizika laboratoriyaları yaradılmış, elektron lövhələr quraşdırılmışdır.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin təhsil aldıqları siniflərə baxmış, dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, cari tədris ilində məktəbin birinci sinfinə 21 şagird qəbul olunmuşdur.
Bu gün muxtar respublikanın təhsil sistemində diqqət yetirilən məsələlərdən biri də məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Biçənək kənd tam orta məktəbinin kompyuter sinfində 19 kompyuter quraşdırılmış və internetə qoşulmuşdur. İnformatika dərslərində şagirdlərə müxtəlif kompyuter proqramları öyrədilir. Kompyuter və elektron lövhəli siniflərdə tədrisyönümlü internet saytlarından istifadə imkanları yaradılmışdır. Bu da şagirdlərin dünyagörüşünün formalaşmasına, bilik səviyyələrinin daha da yüksəldilməsinə imkan verəcəkdir.
Təhsil ocağının kitabxana fondundakı kitablar kataloqlaşdırılaraq müxtəlif mövzular üzrə yerləşdirilmişdir.
Pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitdən səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edərək demişdir ki, hər bir müəllim şagirdlərə yüksək təhsil verməklə yanaşı, ölkəmiz üçün yararlı vətəndaşlar da yetişdirməli, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi fikir verilməlidir.
Məktəbin müəllimi, 2009-cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan Camal Abbasov təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirləri ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı kimi dəyərləndirmiş, yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Binanın həyətində də geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, açıq idman qurğuları quraşdırılmışdır.
Ali Məclisin Sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür. Sakinlər muxtar respublikada geniş vüsət alan quruculuq işlərinin Şahbuz rayonunun ucqar yaşayış məntəqəsi olan Biçənək kəndini də əhatə etdiyini bildirərək demişlər ki, son illər kənddə kompleks quruculuq işləri aparılmış, müasir sosial obyektlər tikilmiş, sakinləri narahat edən bütün sosial problemlər öz həllini tapmışdır. Kənd fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur, sakinlərin sosial-rifah halı yüksəldilir. Yaradılan yüksək şərait ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrələridir.
Ali Məclisin Sədri kəndlərimizdə həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin ölkəmizin gələcəyinə xidmət etdiyini bildirərək demişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Şahbuz rayonunun, eləcə də Biçənək kəndinin timsalında aydın görünür. Azərbaycanın nadir təbiət abidələrindən biri olan Batabat yaylağının yaxınlığında yerləşən bu kəndin həm də geniş turizm potensialı vardır. Həyata keçirilən quruculuq işləri kəndin sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi və sakinlərin rahat yaşayışı baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də hər bir sakin tikilənləri qorumalı, ondan səmərəli istifadə etməlidir.