Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarında aparılan yenidənqurma işləri ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, yenidənqurma işləri zamanı anbarın suburaxıcı qülləsi və suburaxıcı boruları əsaslı şəkildə təmir edilmiş, bəndin 53 min kvadratmetr beton üzlüyü yenilənmiş, 1830 metr uzunluğunda dalğaqırıcı tikilmişdir. Yenidənqurma işlərindən sonra anbarın həcmi 8 milyon kubmetrə çatdırılmışdır. Su anbarından sızan drenaj sularını yığmaq üçün 650 metr uzunluğunda qapalı xətt çəkilmişdir. Həyata keçirilən tədbirlər anbarın istismar müddətini xeyli artırmışdır.
Uzunoba Su Anbarında istirahət guşələri və çimərliyin yaradılması istiqamətində görülən işlər də davam etdirilir. Ərazidə kafe inşa olunmuş, işıqlandırma sistemləri quraşdırılmışdır. Burada çimərlik və istirahət zonaları yaradılacaq, avtomobil dayanacağı, idman meydançaları istifadəyə veriləcəkdir. Su anbarının bəndi üzərində 3 istirahət köşkü quraşdırılmışdır. İstifadəyə verildikdən sonra burada sakinlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılacaqdır.
Ali Məclisin Sədri su anbarının ətrafında yaşıllaşdırma işlərinin aparılması, anbara suyun yığılması və tikinti işlərinin çimərlik mövsümünədək başa çatdırılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti