“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu əsas vəzifələrdən biri də muxtar respublikada mövcud hidroresurslardan səmərəli və qənaətlə istifadə edilməsi, mühəndis-texniki tələblərə cavab verən müasir irriqasiya sistemlərinin yaradılmasıdır. Son illər muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər torpaqların su təminatını xeyli yaxşılaşdırmışdır. Hazırda “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yeni suvarma şəbəkəsi qurulur.
İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonuna gəlmiş, suvarma sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, rayonun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından 720 millimetrlik 16,2 kilometr uzunluğunda qoşa boru xətləri çəkilir. Bu günə qədər 9 kilometr məsafədə boru xətlərinin çəkilişi başa çatdırılmışdır. Su sərfi saniyədə 900 litr olacaq borular öz axımı ilə 3300 hektar torpaq sahəsini suvarmağa imkan verəcəkdir.
Layihəyə uyğun olaraq, rayon ərazisində yeni nasos stansiyasının, suqəbuledici və supaylayıcı hovuzların tikintisi də aparılır. Nasos stansiyasının binasında iş və elektrik otaqları, anbar istifadəyə veriləcək, hər birinin su sərfi saatda 1200 kubmetr olan 3 aqreqat quraşdırılacaqdır. Bu günə qədər stansiya binasında ilkin beton işləri başa çatdırılmış, 1500 kubmetrlik suqəbuledici hovuzun tikintisinə başlanılmışdır. Nasos stansiyasından supaylayıcı hovuza qədər diametri 720 millimetr olan 8,7 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq, ərazidə 16 kilometr paylayıcı boru xətlərinin, o cümlədən 120 kilometr uzunluğunda torpaq kanal və arxların çəkilməsi də nəzərdə tutulmuşdur. Paylayıcı boru xətlərinin üzərində 58 ədəd suburaxıcı quraşdırılacaqdır. Bu işlər tam başa çatdırıldıqdan sonra Kəngərli rayonunda 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır. Yeni suvarma sistemlərinin istifadəyə verilməsi rayonda əkinçiliyin inkişafını sürətləndirəcək, suvarma suyu olmayan ərazilərin davamlı su təminatına imkan yaradacaqdır. Bu da, öz növbəsində, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada irriqasiya sistemlərinin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi, ərazidə yeraltı suvarma şəbəkəsinin qurulması üçün hazırlıq işlərinin görülməsi və tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti