İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri Baş nazir Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold Baş nazir xanım Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxudular.
Sonra bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdi.
Daha sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
Məlumat verildi ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur və onların arasında Əsrin müqaviləsinin bilavasitə iştirakçıları vardır.
Dövlətimizin başçısı sərginin Fəxri qonaqlar kitabını imzaladı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini, bp şirkətinin baş icraçı direktoru Robert Dadlini, Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
AzərTAc