Mayın 31-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov teatrın foyesində uşaqların əl işlərindən və uşaq mövzusunda muxtar respublikada nəşr olunmuş kitablardan ibarət sərgiyə baxmışdır.
Bildirilmişdir ki, muxtar respublikada uşaqların istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrində milli dəyərlərimiz, qədim adət-ənənələrimiz, xalq sənəti nümunələrimiz yetişməkdə olan gənc nəslə ətraflı öyrədilir.
Sərgidə Naxçıvan Qızlar Liseyinin “Xalçaçılıq” və “Tikiş-toxuculuq” dərnəyinin üzvləri tərəfindən hazırlanmış toxuculuq nümunələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərinin xüsusi istedada malik olan şagirdlərinin muxtar respublikamızın tarixi abidələrini, dövlət atributlarını, təbiət mənzərələrini əks etdirən bədii tikmə və dekorativ tətbiqi sənət nümunələri, müxtəlif maketlər maraqla qarşılanmışdır.
Uşaq ədəbiyyatını əks etdirən guşədə isə uşaqların intellektual inkişafına, onların dünyagörüşünün formalaşmasına xidmət edən və müxtəlif dövrlərdə çap olunan ədəbiyyatlar, bu il nəşr olunan “Təmsillər”, “Poema və pyeslər”, “Şeir və hekayələr” kitabları nümayiş etdirilirdi.
Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək demişdir: “Uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir. O cəmiyyət öz sabahına ümidlə baxa bilər ki, gənc nəslin yetişməsi qayğısına qalsın, bununla bağlı vəzifələri yerinə yetirsin. Bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda tikilən məktəblər, məktəbdənkənar və məktəbəqədər tədris müəssisələri, kitabxanalar xalqımızın və ölkəmizin gələcəyinə hesablanmış tədbirlər idi. Müstəqillik dövründə isə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda dövlət uşaq siyasətinin əsası qoyulmuş, uşaq hüquqlarının qorunması sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Uşaqların əqli inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi qarşıda duran əsas vəzifədir. 1995-ci ildən ötən dövr ərzində bu vəzifələrin icrası diqqətdə saxlanmış, 197 məktəb binası, 18 uşaq bağçası, 40 idman obyekti tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilmiş, təhsil ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunmuş, elektron kitabxanalar yaradılmışdır. Hazırda muxtar respublikada Uşaq Kitabxanası, Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat və uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Muxtar respublikada məhdud fiziki imkanlı uşaqlar da hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılmış, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmişdir. Bununla yanaşı, Uşaq Bərpa Mərkəzinin də fəaliyyəti gücləndirilmiş, uşaqların reabilitasiyası üçün bütün şərait yaradılmışdır”.
“Uşaqlarla iş gündəlik fəaliyyət və peşəkarlıq tələb edir. Çalışmaq lazımdır ki, gələcəyimiz olan uşaqlar, ilk növbədə, xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunsunlar, təhsilli, vətənpərvər vətəndaşlar kimi yetişsinlər”, – deyən Ali Məclisin Sədri aidiyyəti orqanlara konkret tapşırıqlar verərək demişdir: “Uşaq hüquqlarının qorunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbirləri gücləndirməli, təbliğat işinin nəticəli olmasına çalışmalı, uşaqlar haqqında elektron məlumat bankının yaradılmasını başa çatdırmalıdır. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində uşaqların hərtərəfli təhsili ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyəsinə də diqqəti artırmalı, şagirdlərdə milli dəyərlərimizə sahiblik hissi formalaşdırılmalıdır”.
Qeyd olunmuşdur ki, uşaqların sağlamlığının qorunması ən ümdə vəzifələrdəndir. Səhiyyə Nazirliyi mütəmadi olaraq uşaq əhalisinin tibbi yoxlamadan keçirilməsini təmin etməli, profilaktik tədbirlər görülməli, səhiyyə ocaqlarında uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsini daim diqqət mərkəzində saxlamalı, onların cəmiyyətə inteqrasiyası, təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün aidiyyəti orqanlarla birlikdə tədbirlər görməlidir. Uşaqların məktəbdənkənar vaxtlarının, xüsusilə də yay tətili dövrünün səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, uşaqların bədən tərbiyəsi və idmanla, eləcə də şahmatla məşğul olmaları xüsusi nəzarət qaydasında həyata keçirilməlidir. Yazıçılar Birliyi uşaqların zehni inkişafına və onların vətənpərvərlik tərbiyəsinə xidmət edən yeni əsərlərin yaradılmasına nail olmalı, uşaq ədəbiyyatının inkişafı sahəsində yaradılmış dönüş davamlı xarakter daşımalıdır.
Ali Məclisin Sədri qeyd etmişdir ki, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri Rəssamlar Birliyi ilə birlikdə məktəbdənkənar müəssisələrdəki və uşaq incəsənət məktəblərindəki rəsm dərnəklərinin fəaliyyətini gücləndirməli, istedadlı uşaqların əsərlərindən ibarət sərgilər təşkil edilməlidir. Mədəniyyət və Turizm Nazirliyi istedadlı uşaqların aşkara çıxarılması və onlarla işin təşkili üçün fəaliyyətini gücləndirməlidir. Kütləvi informasiya vasitələrində uşaqların əqli inkişafına xidmət edən teleradio verilişləri və qəzet materialları hazırlanmalı, televiziya, radio və qəzetlərdə ayrıca uşaq və gənclər redaksiyaları fəaliyyət göstərməlidir. Uşaqlara qayğı yalnız dövlət qurumlarının vəzifəsi olmamalıdır. Bu, hər bir vətəndaşı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Vətəndaş cəmiyyəti təsisatları, elmi-tədqiqat institutları, müxtəlif ictimai təşkilatlar uşaq siyasətinin həyata keçirilməsində yaxından iştirak etməlidirlər.
Ali Məclisin Sədri bundan sonra da uşaq və gənclərin yaxşı təhsil alması və onların sağlam mənəvi mühitdə böyümələrinə səy göstərilməsinin vacibliyini bildirmiş, bu yolda aid təşkilatlara uğurlar arzulamış, çıxışını ümummilli liderimizin yetişməkdə olan gənc nəslə müraciəti ilə tamamlamışdır: “Əziz uşaqlar, Azərbaycanın gələcəyi sizinlə bağlıdır, sizin istedadınızla, gələcək fəaliyyətinizlə bağlıdır. Siz bizim sabahımızsınız, bizim gələcəyimizsiniz. Siz bizim hər birimizin, bütün Azərbaycan xalqının xoşbəxtliyisiniz”.
Tədbirin bədii hissəsində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibləri Azərbaycana, Naxçıvana və ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər. Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin vokal və rəqs qruplarının, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi, gənc istedad Xaliq Həsənovun ifası, Naxçıvan şəhərindəki uşaq bağçalarının rəqs qruplarının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının vokal qrupunun və skripkaçalanlar ansamblının, Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblının və xor kollektivinin, “Şərur qönçələri” yallı qrupunun çıxışları alqışlarla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti