Yaşayış binalarının kommunal-məişət şəraitinin yaxşılaşdırılması sakinlərin rahatlığının təmin olunmasına hesablanmış tədbirlərdəndir. Artıq muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində də bu sahədə ardıcıl tədbirlər görülür. Ötən ildən başlayaraq Şərur şəhərinin Heydər Əliyev prospektindəki 50 nömrəli yaşayış binasında yenidənqurma işləri aparılmışdır.
Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binasına baxmışdır.
Bildirilmişdir ki, 6 mərtəbəli bina 10 mənzildən ibarətdir. Yenidənqurma işləri zamanı binanın fasadı dəyişdirilmiş, lift quraşdırılmış, kommunikasiya xətləri yenilənmişdir. Binada sakinlərin rahatlığı təmin olunmuş, lazımi kommunal-məişət şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri bundan sonra da Şərur şəhərində abadlıq işlərinin davam etdirilməsi, yaşayış binalarının layihələndirilərək yenidən qurulması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti