Muxtar respublikada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, peşə təhsili müəssisələrinin müasir texnika, texnologiya və avadanlıqlarla təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Şərur Peşə Liseyi üçün yeni tədris korpusu və yataqxana binası tikilmişdir.
Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Peşə Liseyi üçün inşa olunan yeni kompleksə baxmış, görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 270 yerlik tədris korpusu 4 mərtəbədən ibarətdir. Burada 14 qrupda 11 peşə üzrə kurslar təşkil ediləcəkdir. Binada texniki və tədris vəsaitləri ilə təchiz olunmuş emalatxanalar, sinif otaqları, kompüter otağı, idman zalı və elektron lövhəli siniflər istifadəyə veriləcəkdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan yataqxana binasında isə müdavimlərin istirahəti və yaşayışı üçün lazımi şərait yaradılacaqdır.
Binanın həyətində açıq idman qurğuları istifadəyə veriləcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə başa çatdırılması, binanın həyətində sürücülük kursu üçün təlim meydançasının yaradılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti