07 Yanvar 2025, Çərşənbə axşamı

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov demişdir ki, son illər muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, maddi-texniki baza xeyli möhkəmləndirilmişdir. Yaradılan şərait qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə imkan verir. Bu gün muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır.

Yol infrastrukturunun tamamilə yenidən qurulması, magistral yollarda sürətölçən radar sisteminin və nəzarət-izləmə kameralarının quraşdırılması, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının nəqliyyat və müasir texniki avadanlıqlarla təmin olunması hərəkətin təhlükəsizliyinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Şərur Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Əhməd Əhmədov yaradılan şəraitə görə muxtar respublika daxili işlər orqanlarının şəxsi heyəti adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: “Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına təkan vermişdir. Yaradılan şərait ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirmiş, insanların sosial rifahı yaxşılaşmış, yaşayış səviyyəsi yüksəlmişdir. Həyat səviyyəsinin yaxşılaşmasının əsas göstəricilərindən biri də insanların avtomobillərlə təmin olunmasıdır”.
Ali Məclisin Sədri demişdir: “İstismar olunan hər bir avtomobilə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi vacib şərtdir. Çünki avtomobillərin texniki baxışdan vaxtında keçirilməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır. Ona görə də istər vətəndaşlar, istərsə də dövlət orqanları avtomobilləri müayinə mərkəzlərində mütəmadi olaraq texniki baxışdan keçirməli, onların istismara yararlılığı yoxlanılmalıdır. Bütün bunlar da yol hərəkətində təhlükəsizliyin təmin olunmasına, insanların sağlamlığının və əmlakının qorunmasına xidmət edir”.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, avtomobillərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər muxtar respublikada bir müayinə mərkəzi fəaliyyət göstərirdi. Lakin avtomobillərin sayının artması yeni müayinə mərkəzlərinin yaradılmasını da zəruri etmişdir. Şərur Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi sakinlərin rahatlığının təmin olunmasına, onların büdcələrinə və vaxtlarına qənaət etməsinə imkan verəcəkdir. Artıq bu ərazidə yaşayan insanlar Naxçıvan şəhərinə getmədən müayinə mərkəzində öz nəqliyyat vasitələrini texniki baxışdan və sığorta qeydiyyatından keçirə biləcəklər.
Ali Məclisin Sədri avtomobillərin texniki baxış və sığorta qeydiyyatının vaxtlı-vaxtında aparılması, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi barədə tapşırıqlar vermiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 2 mərtəbəli binanın ümumi sahəsi 312 kvadratmetrdir. Müayinə mərkəzinin 1-ci mərtəbəsində avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal, 2-ci mərtəbədə isə bufet və iş otağı yerləşir.
Müayinə mərkəzində nəqliyyat vasitələrinin dövlət texniki baxışı və baxışlararası müddətdə texniki vəziyyətinin yoxlanılması üçün hərtərəfli şərait vardır. Binada 1 ədəd kompüter, 3 ədəd monitor, minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən çıxan qazların, sükanın idarəetmə qollarının yoxlanılması, işıqların tənzimlənməsi, şinlərin protektor naxışlarının ölçülməsi üçün Türkiyə, İtaliya və Koreya istehsalı olan avadanlıqlar quraşdırılmışdır.
Bildirilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri, avtobuslar, təhlükəli yüklərin daşınması üçün xüsusitəyinatlı nəqliyyat vasitələri ildə bir dəfə, kütləsi 3,5 tondan aşağı olan yük və minik avtomobilləri istehsal olunduğu tarixdən 4 il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır.
Texniki baxış zonasında bütün zəruri mühəndis kommunikasiya sistemləri quraşdırılmışdır. Baxış zonasında 5 duracaq vardır. Quraşdırılan müasir avadanlıqlar vasitəsilə avtomobillərin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, nəqliyyat vasitələrinin işıq sistemi, sükan mexanizmi və əyləc sisteminin vəziyyəti yoxlanılır. Avtomobillərin texniki vəziyyəti barədə göstəricilər birbaşa mərkəzi kompüterə ötürülür.
Binanın həyətində 2340 kvadratmetr sahəyə asfalt salınmış, abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR