Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvan Muxtar Respublikasında görməyindən məmnunluğunu ifadə etmişdir.
Respublika Günü münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran səfir Möhsün Pakayin Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Qonaq hər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini vurğulamışdır.
Ali Məclisin Sədri ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin mövcud olduğunu diqqətə çatdırmış, bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ali Məclisin Sədri ikitərəfli münasibətlərin inkişafı istiqamətində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə inamını ifadə etmiş, səfirə işlərində uğurlar arzulamışdır.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti