“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərində yeni yaşayış kompleksləri tikilir, əhalinin kommunal-mənzil şəraiti yaxşılaşdırılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, mayın 16-da Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksi istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, Naxçıvan şəhərində digər sahələrlə yanaşı, sakinlərin mənzillərlə təmin olunması da diqqət mərkəzində saxlanılır. Təkcə 2013-cü ildə iki 10 mərtəbəli və bir 15 mərtəbəli yaşayış kompleksi tikilərək, 12 bina isə yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Hazırda şəhərin Heydər Əliyev prospektində, “İstiqlal”, Atatürk, Kazım Talıblı küçələrində çoxmərtəbəli yeni binaların tikintisi davam etdirilir, 5 binada isə əsaslı təmir və yenidənqurma işləri aparılır. Həyata keçirilən bu tədbirlər Naxçıvan şəhərinin görkəmini tamamilə dəyişmiş, muxtar respublikanın paytaxtı müasir şəhərə çevrilmişdir.
Sakin Elnar Hüseynov yeni yaşayış kompleksində gənclərin mənzillə təmin olunmasını ölkəmizdə insan amilinə verilən qiymət kimi dəyərləndirmiş, yaradılan şəraitə və göstərilən qayğıya görə gənc ailələr adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni yaşayış kompleksinin – Gənclər şəhərciyinin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizdə uğurla davam etdirilir. Həyata keçirilən islahatlar Azərbaycanı inkişaf və tərəqqiyə qovuşdurmuş, bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Naxçıvan şəhərində istifadəyə verilən yeni yaşayış kompleksi də ölkəmizdə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Ölkə vətəndaşlarının, eləcə də gənclərin yaşayışının və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Hər il müasir yaşayış kompleksləri tikilir, yeni iş yerləri açılır, gənclərin məşğulluğu təmin edilir. Dövlət vəsaiti hesabına tikilən bu yaşayış kompleksi də ipoteka krediti ilə gənc ailələrə verilmişdir. Kompleks sakinlərin rahatlığı nəzərə alınaraq inşa edilmiş, onların gündəlik tələbatlarının ödənilməsi diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar gələcəyimiz olan gənclərə göstərilən qayğının daha bir ifadəsidir”.
Qeyd olunmuşdur ki, muxtar respublikanın rayon mərkəzlərində də yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulmuşdur. Həmçinin Naxçıvan şəhərində digər bir yaşayış kompleksinin inşası davam etdirilir. Bu da gənclərin mənzillə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri mənzillə təmin olunan gənclərin bundan sonra da ölkəmizin inkişafı istiqamətində səylə çalışacaqlarına, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yaşayış kompleksinin tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılmışdır. Kompleksin tərkibinə beşmərtəbəli 3 yaşayış binası daxildir. Binalardan 2-si 30, 1-i isə 20 mənzillidir. 30 mənzilli yaşayış binalarındakı hər mənzilin sahəsi 54 kvadratmetrdir. 20 mənzilli yaşayış binasındakı 5 üçotaqlı mənzilin hər birinin sahəsi 61 kvadratmetr, 15 ikiotaqlı mənzilin hər birinin sahəsi isə 48 kvadratmetrdir. Ümumilikdə, yaşayış kompleksində 80 mənzil vardır.
Binalar mühəndis-texniki qaydalara uyğun inşa edilmiş, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Mənzillərə kommunikasiya xətləri çəkilmiş, isitmə və mərkəzi antena sistemləri qurulmuşdur. İsti, soyuq və rütubətə davamlı izolyasiya qatına malik binaların zirzəmisində avtomobil dayanacağı yaradılmış, həyətdə geniş abadlıq işləri aparılmış, istirahət parkı istifadəyə verilmişdir.
Komplekslə tanışlıqdan sonra gənclərlə görüşən Ali Məclisin Sədri mənzilin hər bir insanın həyatında vacib amil olduğunu bildirmiş, onları bir daha təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti