Qardaş Türkiyənin Manisa şəhərindəki kömür mədənində baş vermiş qəza çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnmişdir. Bununla əlaqədar Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunda anım tədbiri keçirilmiş, xatirə dəftəri açılmışdır.
Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlmişdir.
Ali Məclisin Sədri kömür mədənində baş vermiş qəza barədə xəbərin bütün Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında dərin sarsıntı ilə qarşılandığını, böyük kədər hissi doğurduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Türkiyə dövlətinə və xalqına başsağlığı vermiş, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulamışdır.
Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı Naxçıvan Muxtar Respublikasında faciə qurbanlarının xatirəsinə verilən yüksək qiymətə görə minnətdarlıq etmiş, bunu Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir ifadəsi kimi dəyərləndirmişdir.
Sonra Ali Məclisin Sədri Baş Konsulluqda açılan xatirə dəftərini yazmışdır.
Naxçıvan şəhərindəki məscidlərdə Türkiyənin Manisa şəhərindəki kömür mədənində baş vermiş qəza ilə əlaqədar xatirə duaları oxunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti