Muxtar respublikada görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat, incəsənət və elm xadimlərinin ev-muzeylərinin yaradılması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ötən ildən başlayaraq görkəmli akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyində yenidənqurma işləri aparılmışdır.
Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeyin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, muzeyin sahəsi 190 kvadratmetrdir. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-ə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.
Yenidənqurma işləri zamanı iş otaqlarında müasir şərait yaradılmış, ekspozisiya zalının döşəməsi yenilənmiş, qazanxana quraşdırılmışdır. Həmçinin muzeyə gedən yol yenidən qurulmuş, binanın həyətində təmir işləri aparılmış, gülkarlıqlar salınmışdır.
Ali Məclisin Sədri Yusif Məmmədəliyevin ev-muzeyinin ümummilli lider Heydər Əliyevin qayğı və himayəsi ilə 1975-ci ildə yaradıldığını, 2005-ci ildə Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO səviyyəsində qeyd olunduğunu bildirmiş, muzeydə görkəmli alimin elmi irsinin hərtərəfli öyrədilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti