Dini-mənəvi dəyərlər hər bir xalqın varlığını təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə mənəvi irsə diqqət və qayğı ilə yanaşılır, dini abidələr bərpa edilir, yeni məscid binaları tikilir.
Mayın 14-də Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni məscid binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Əylis kənd məscidinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Ölkəmizdə islami dəyərlərə yüksək qiymət verilir, müqəddəs yerlər, dini ziyarətgahlar və məscidlər yenidən qurulur, bərpa olunaraq insanların istifadəsinə verilir. Bütün bunlar ölkəmizdə islami dəyərləri yaşatmaqla yanaşı, həm də bu dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.”
Ali Məclisin Sədri demişdir: “Azərbaycanda dini-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür. Çünki bu dəyərlər uzun illər ərzində formalaşmış, insanlar tərəfindən yaşadılaraq bu günə çatdırılmışdır. Ölkəmizdə bu sahəni tənzimləyən qanunlar və digər normativ-hüquqi aktlar hər bir şəxsin inanclarına hörmətlə yanaşılmasına, insanların dini etiqad azadlığının təmin olunmasına imkan verir. Dini etiqad azadlığının təmin olunması sahəsində görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır”.
Ümummilli lider Heydər Əliyevin “Məscidlər islam aləmində İslamı təmsil edən müqəddəs yerlərdir” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Məscidlər inanclarımızın və mənəvi dəyərlərimizin yaşadıldığı yerlərdir. Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” və məscidlər islam aləmini birləşdirən simvollardır. Bu gün istifadəyə verilən Yuxarı Əylis kənd məscidi də mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Ona görə bu məsciddə də dini və mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirilməlidir”.
Ali Məclisin Sədri yeni məscidin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və dindarları bir daha təbrik etmişdir.
Kənd sakini Tofiq Hüseynov demişdir ki, bu gün Yuxarı Əylis kəndində əhalinin sosial problemləri həll olunmuş, kənd mərkəzi, həkim ambulatoriyası, müasir məktəb binası istifadəyə verilmiş, insanların məşğulluğu təmin edilmişdir. Artıq hər bir sakin dövlətimizin yaratdığı şəraitdən layiqincə bəhrələnir. Bu da yaxşı yaşayış və yüksək əhval-ruhiyyə deməkdir. Məscid binası da Yuxarı Əylis kəndində aparılan quruculuq işlərinin davamı, islami dəyərlərə verilən qiymətin daha bir ifadəsidir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, məsciddə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ümumi sahəsi 250 kvadratmetr olan 1 minarəli məsciddə ibadət yeri, axund və yardımçı otaqlar vardır. Binada eyni vaxtda 200 nəfərin ibadət etməsi mümkündür. Minarənin hündürlüyü 21 metrdir. Binada müasir işıqlandırma sistemi quraşdırılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qoyulmuşdur. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilmişdir.
Ali Məclisin Sədri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i və kitabın təfsirini məscidə hədiyyə etmişdir.
Sonra kənd sakinləri və dindarlarla görüşən Ali Məclisin Sədri demişdir ki, dini-mənəvi dəyərlərin qorunub saxlanılması vacib şərtdir. Muxtar respublikada 207 məscid vardır. Onların 167-si müstəqillik dövründə tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu da insanların saf niyyətlər ətrafında birləşməsinə, dini-mənəvi dəyərlərimizin olduğu kimi yaşadılmasına xidmət edir.
Kənd ağsaqqalları və dindarlar Yuxarı Əylis kəndində yaradılan şəraitə, yeni məscid binasının istifadəyə verilməsinə görə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri kənd ağsaqqalları və dindarlarla xatirə şəkli çəkdirmişdir.
Məscidin həyətində dəstəmaz yeri yaradılmış, yaşıllaşdırma işləri aparılmış və müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Həmçinin məscidə gedən yol genişləndirilərək 1 kilometr məsafəyə asfalt örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti