Mayın 10-da Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
“Azərbaycanın dövlət müstəqilliyi yolunda çalışmaq mənim həyatımın mənasıdır”, – deyən ümummilli lider Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Ulu öndərimiz Azərbaycanın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, Azərbaycançılığın, milli ruhun və milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Hər bir dövlətin inkişaf yolunu müəyyən edən başlıca amillərdən biri milli lider faktorudur. Milli liderin müəyyənləşdirdiyi strategiya ölkənin iqtisadi inkişaf potensialının reallaşdırılmasını təmin edir və bu potensialın hər vətəndaşın mənafeyinə xidmət etməsinə zəmin yaradır. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri kimi Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyət olmuşdur.
Ümummilli lider 1969-1982-ci illərdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmiş, güclü iqtisadi potensial yaratmaqla bunu ölkəmizin gələcək müstəqilliyinin qarantına çevirmişdir. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu mənada ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. Dahi şəxsiyyət bu barədə deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın müstəqil yaşaması üçün əsas yaradır”.
Bu inkişaf və tərəqqi ötən əsrin 90-cı illərində öz yerini dağıdıcılıq və təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi.
1993-cü ildən başlanan Azərbaycanın inkişaf və tərəqqi dövrü ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin real iş və əmələ əsaslandığını bir daha təsdiq edir. Qısa zamanda ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olmuş, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilmiş, irimiqyaslı iqtisadi layihələr icra olunmuşdur. Hərc-mərclik və anarxiya aradan qaldırılmış, qanunun aliliyi təmin olunmuş, vətəndaş həmrəyliyi bərqərar edilmiş, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılmışdır. Bunun nəticəsində iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artmış, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq qurulmuş və regionların tarazlı inkişafı təmin edilmişdir.
Azərbaycanın nicatı və tərəqqisi Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil. Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər deyirdi ki: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Muzey ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Burada nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir. Hazırda muzeyin fondunda 4500-dən çox eksponat toplanmışdır. Fəaliyyət göstərdiyi 15 il ərzində muzeyə 230 mindən çox tamaşaçı gəlmişdir. Həmçinin muzey eksponatlarını internet vasitəsilə izləmək mümkündür. Bu ilin ötən 4 ayında muzeyin internet saytına 10 mindən artıq istifadəçi daxil olmuş, muzeyi internet üzərindən ziyarət etmişdir.
Ümummilli liderin şərəfli ömür yolu əsl kamillik nümunəsidir. Bu nümunə Azərbaycan xalqının həm mənəvi, həm siyasi, həm də sosial-iqtisadi uğurlarını qiymətləndirməyə əsas verir. Bu mənada xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini ulu öndərimiz Heydər Əliyevin ideyalarına və bu ideyaların davamçısı olan Prezident İlham Əliyevin siyasi kursuna sədaqətdə görür. Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır.
Bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranmış, iqtisadiyyat dinamik inkişaf etmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də dahi rəhbər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər keçirilmiş, konsertlər və xalq gəzintiləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti