Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gəlmiş, əkin sahələrinə baxmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, yardımçı təcrübə təsərrüfatının sahəsi 70 hektardır. Bu ilin məhsulu üçün şırım üsulu ilə 41,1 hektarda payızlıq taxıl əkini aparılmışdır. Səpin zamanı məhsuldar buğda və arpa sortlarından istifadə olunub. Həmçinin 9 hektarda “Santa” sortlu kartof, 16 hektarda yonca, 1 hektara yaxın ərazidə isə bostan məhsulları əkilmişdir.
Bildirilmişdir ki, yardımçı təcrübə təsərrüfatında əkin və becərmə işləri aqrotexniki qaydalarda aparılır. Bitkilərdən yüksək və keyfiyyətli məhsul götürülməsi üçün payızlıq və yazlıq əkinlər üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnir, mütərəqqi əkin və suvarma metodlarından istifadə olunur. Birliyin nəzdində 25 texnika var. Əkin və becərmə işlərinin həyata keçirilməsində texnikadan səmərəli istifadə olunur.
Ali Məclisin Sədri əkin zamanı yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə üstünlük verilməsi, torpaq mülkiyyətçiləri və fermerlərlə kənd təsərrüfatı bitkilərinin əkin və becərilmə qaydaları haqqında söhbətlərin aparılması, seminarların və rayonlarda səyyari yığıncaqların keçirilməsi, mütərəqqi əkin üsullarının izah edilməsi, qeyd olunan məsələlərlə bağlı kitabçaların hazırlanıb paylanılması, yardımçı təcrübə təsərrüfatında yerli sortlardan ibarət meyvə bağının salınması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti