07 Yanvar 2025, Çərşənbə axşamı

Mayın 8-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçiril­məkdədir.

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunmaqdadır. 2013-cü ildə muxtar respublika üzrə 109 min 468 ton dənli və dənli-paxlalılar, 66 min 497 ton tərəvəz, 43 min 276 ton meyvə və 41 min 297 ton kartof istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da artım olmuş, ümumilikdə, kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 337 milyon 127 min manatdan artıq olmuşdur. Hazırda muxtar respublika üzrə 29 min 698 hektar sahə payızlıq taxıl əkini altındadır. Təkcə ötən il sahibkarlara 14 milyon 700 min manatdan artıq kredit verilmişdir.
Qeyd olunmuşdur ki, əldə edilmiş bütün nəticələr muxtar respublikada kənd təsərrüfatı sahəsində yaradılmış əlverişli şəraitin nəticəsində mümkün olur. Cari ilin ötən dövründə “Azərbaycan” nasos stansiyasından Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisini əhatə edən boru xəttinin və Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kənd­lərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 40 km uzunluğunda boru xəttinin çəkilişi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində Sədərək rayonunda 1500, Kəngərli rayonunda isə 4000 hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazaları üçün inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Fəaliyyəti dövründə cəmiyyətin xətti ilə muxtar respublikaya 1383 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 996 ədədi lizinq yolu ilə sahibkarlara satılmışdır. Ölkə başçısının “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər edilmişdir. Bu gün cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, becərmə, məhsul yığımı, ümumilikdə, 20-dən çox müxtəlif xidmətlərin yerinə yetirilməsini həyata keçirir. Bütün bunlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi nəticəsində ölkənin iqtisadi fəaliyyətinin bütün sahələrində olduğu kimi, aqrar sektorda da böyük uğurlar qazanılıb. Məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi, yanacaq və motor yağlarına, eləcə də əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli şərtlərlə satılması, son nəticədə, istehsalın artmasına və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılığın aradan qalxmasına səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Kənd təsərrüfatı iqtisadi fəaliyyətin aparıcı sahəsi kimi muxtar respublikamızda qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci və ikinci dövlət proqramları, kartofçu­luğun inkişafı, eləcə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət pro­qramlarında nəzərdə tutulan tədbirlərin icrası daha böyük nəticələrin əldə olunmasına şərait yaradıb. Torpağı əkib-becərmədən, müasir texnika, yüksək reproduksiyalı toxum və suvarma suyuna olan tələbatı ödəmədən əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Muxtar respublikamızda əkinçiliyin inkişafı üçün ardıcıl tədbirlər görülür. Su anbarları yaradılmış, mövcud anbarlarda təmir-bərpa işləri aparılmış, nasos stansiyaları istifadəyə verilmiş, artezian quyuları qazılmışdır. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə imkan yaradan texnika ilə təchizatı yaxşılaşdırmaq, məhsul istehsalçılarını üzvi gübrə və məhsuldar toxum sortları ilə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, bütün rayonlarda cəmiyyətin hər cür şəraitlə təmin olunmuş bazaları fəaliyyətə başlamışdır”.
Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlər artıq öz nəticələrini göstərməkdədir. Ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalında 7 faiz, əkinçilikdə isə 8 faiz artıma nail olunmuşdur. Lakin bunlar arxayınçılıq üçün əsas yaratmamalıdır. Kənd təsərrüfatına diqqət artırılmalıdır. Ona görə ki, bu sahə bir tərəfdən əhalinin ərzaq təminatını ödəyirsə, digər tərəfdən ildən-ilə artan yeni emal müəssisələrinin xammalla təmin olunması və muxtar respublikanın ixrac potensialının artırılması üçün geniş imkanlar yaradır. Qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi, eləcə də yaz-tarla işlərinin başlanması ilə əlaqədar olaraq, kənd təsərrüfatı məhsulu istehsalçıları, həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayanır.

Ali Məclisin Sədri aidiyyəti orqanlara tapşırıqlar verərək demişdir: “Muxtar respublikada torpaqların rayonlaşdırılması işi başa çatdırılmış, əkin atlasları tərtib olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyətləri torpaqlardan səmərəli istifadəni təmin etmək və məhsuldarlığı yüksəltmək məqsədilə əkin atlaslarından istifadəni təmin etməli, relyef və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin mütərəqqi qaydada keçirilməsi üçün maarifləndirmə tədbirlərini gücləndirməlidirlər. Əkin zamanı aqrotexniki qaydalara düzgün əməl olunmalı, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri vaxtında və lazımi səviyyədə aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi alaq otlarına və gəmiricilərə qarşı mübarizədə istifadə olunan kimyəvi preparatlara tələbatı dürüstləşdirməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların muxtar respublikaya vaxtında gətirilməsi təmin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri toxumçuluq təsərrüfatlarına xüsusi diqqət yetirməlidirlər. Məhsuldar toxum sortlarının gətirilməsi ilə yanaşı, yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə də üstünlük verilməlidir. Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə yerli şəraitə uyğunlaşmış məhsuldar toxum növlərinin öyrənilməsi və rayonlaşdırılması istiqamətində tədbirləri gücləndirməlidirlər. Muxtar respublikada meyvəçiliyin, üzümçülüyün, tərəvəzçiliyin tarixi ənənələri və inkişafı ilə bağlı vəziyyəti əks etdirən elmi-kütləvi materialların hazırlanması, elmi-tədqiqat işlərinin aparılması nəzarətdə saxlanmalıdır”.
Ali Məclisin Sədri demişdir: “Əkin sahələrindən bol məhsul götürmək üçün suvarma düzgün təşkil edilməlidir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə yerlərdə suvarma suyu ilə təchizatı yaxşılaşdırmaq məqsədilə mövcud su anbarları və sututarlarının doldurulmasını təmin etməlidir. Su qıtlığına yol verməmək və əkin sahələrinin suvarılmasını həyata keçirmək, eləcə də su itkisinin qarşısını almaq üçün su bölgüsünə daim nəzarət olunmalı, sudan səmərəli istifadə təmin edilməli, kanal və arxların təmizlənməsi vaxtında aparılmalı, mütərəqqi suvarma üsullarından istifadəyə diqqət artırılmalıdır”.
Ali Məclisin Sədri məhsuldarlığın yüksəldilməsində üzvi və mineral gübrələrdən düzgün istifadənin mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə verilmiş gübrədən təyinatı üzrə və normalara uyğun istifadə olunmasına nəzarət etməli, onlardan əkin dövrünün hansı mərhələsində və necə istifadə olunması ilə bağlı maarifləndirmə tədbirləri aparmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri gübrələrin istehsalçılara vaxtında çatdırılmasını təmin etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasında müasir texnikadan istifadənin rolu böyükdür. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif adda texnika və texnoloji avadanlıqların gətirilməsi bundan sonra da davam etdirilməli, daha çox tələbat olan texnika növləri müəyyənləşdirilməlidir. Yüksəkkeyfiyyətli, həmçinin muxtar respublikanın relyefinə uyğun daha yaxşı iş imkanlarına malik texnikalara üstünlük verilməlidir.
Bildirilmişdir ki, yeni texnikaların gətirilməsi eyni zamanda yeni iş yerləri deməkdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri gətirilmiş texnikaların, ilk növbədə, mütəxəssis-mexanizatorlara verilməsini təmin etməli, ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanmalıdır. Texnikalar verilərkən onların rayonlar üzrə bölgüsündə ehtiyac meyarı nəzərə alınmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün texnikaların saz vəziyyətdə saxlanılmasına diqqət artırılmalı, göstərilən xidmət yüksək səviyyədə olmalı, kənd təsərrüfatı işlərinin görülməsi üçün tətbiq olunan qiymətlər daim nəzarətdə saxlanılmalı, bu qiymətlər televiziya və qəzetlərdə elan olunmalıdır. Fiziki şəxslərdə və bazalarda olan texnikalara vaxtında texniki xidmət göstərilməsi məqsədilə tələb olunan ehtiyat hissələrinin muxtar respublikaya gətirilməsi və satışı bundan sonra da davam etdirilməlidir.
Ali Məclisin Sədri qeyd etmişdir ki, daxili bazarın qorunması, eləcə də məhsul istehsalının stimullaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən şəhər və rayonlarda həftənin müxtəlif günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili bundan sonra da davam etdirilməlidir. Yerli icra hakimiyyətləri və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti taxıl biçini başlayanadək kombaynlara olan tələbatı dürüstləşdirməli, biçini vaxtında və itkisiz başa çatdırmaq üçün bütün kombayn və texnikaların saz vəziyyətə gətirilməsi təmin edilməlidir. Kənd təsərrüfatında əkinin yekunları və taxıl biçininin gedişi ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən təhlili materiallar hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istər məhsul istehsalçıları, istərsə də bu sahənin inkişafına cavabdeh olan dövlət orqanları səylərini daha da artırmalı, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.
Bildirilmişdir ki, aqrotexniki qaydaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün son dövrlər texnika və texnoloji avadanlıqların alınmasına üstünlük verilir. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən səmərəlidir. Hazırda alınmış texnika və avadanlıqlar dəyərinin 10 faizi əvvəlcədən, qalan hissəsi isə növbəti 9 il müddətinə ödənilmək şərtilə satılır. Bu da aqrotexniki qaydaların müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və bol məhsul istehsalına zəmin yaratmışdır. 2014-cü ilin ötən dövründə 54 ədəd müasir kənd təsərrüfatı texnikası alınmışdır. Bundan 22-si “Sampo” markalı kombayndır. Türkiyə istehsalı olan 8 presvuran, 2 yemdoğrayan, 4 əl üçün şum maşını, 5 gübrəsəpən, 5 dərmansəpən, 5 dırmıq və 2 kotan kənd təsərrüfatı işlərinin görülməsində istifadə olunacaqdır. Əvvəlki illərdə alınan texnikalarla da birlikdə cari ildə 92 kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı həyata keçirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında olan 11 ədəd traktorun da lizinq yolu ilə satılması nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin təmir sexinə, gübrə və ehtiyat hissələr anbarlarına baxmışdır.
Məlumat verilmişdir ki, taxıl istehsalının artırılması üçün torpaqların gübrəyə olan tələbatının ödənilməsi vacib məsələlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya gətirilən qeyri-üzvi gübrələr 50 faiz güzəştlə torpaq mülkiyyətçilərinə verilir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR