Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların kommunal-məişət şəraitinin yaxşılaşdırılması, onların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Mayın 7-də Naxçıvan şəhərində 11 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 7 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, müharibə əlillərinə bərabər tutulan 1 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin səviyyəsi xeyli yüksəlmişdir. Sosial qayğıya ehtiyacı olan insanların fərdi yaşayış evləri ilə təmin edilməsi, onların müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının və məşğulluqlarının təmin olunması daim diqqət mərkəzindədir. Cavid Səfərov göstərilən qayğıya görə müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuşdur. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 aprel tarixli müvafiq sərəncamlarına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilmiş, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərə verilən təqaüd artırılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən bu təbəqədən olan insanlar fərdi yaşayış evləri və minik avtomobilləri ilə təmin edilirlər. Son illər muxtar respublikada 200-ə yaxın sosial qayğıya ehtiyacı olan sakinə mənzillər verilmiş, müvafiq kateqoriyadan olan insanlar minik avtomobilləri ilə təmin edilmişdir. Eyni zamanda onların müalicələri təşkil olunmuş, sanatoriya və kurortlara göndərişlər verilmişdir. Bu gün də dövlət və Vətən qarşısında xidməti borcunu yerinə yetirən şəxslərə xidməti avtomobillər təqdim olunur”.
Ali Məclisin Sədri demişdir: “Təqdimat mərasiminin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki hər bir şəxs Vətənimizi ümummilli liderimiz qədər sevməli, dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolla gedərək ölkəmizin inkişafına öz töhfəsini verməlidir”.
1941-1945-ci illər müharibəsi veteranı Heydər Heydərov muxtar respublikada müharibə veteranlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi muxtar respublikada mövcud olan inkişaf və tərəqqinin bəhrələridir.
Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim etmiş, yeni avtomobillərlə təmin olunanları təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti