07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycanda gömrük sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər bu sahənin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Artıq ölkəmizdə müasir gömrük xidməti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında da gömrük xidmətinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.

Mayın 7-də Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikanın dinamik inkişafı gömrük orqanlarını da əhatə etmişdir. Son illər muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşması istiqamətində mühüm tədbirlər görülmüşdür. 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtında sərhəd-keçid kompleksləri tikilmiş, 2012-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsi və Naxçıvan Gömrük Ekspertiza İdarəsi üçün müasirtipli kompleks istifadəyə verilmişdir. Bu gün Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni kompleksin istifadəyə verilməsi də gömrük infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə müxtəlif istiqamətlərdə dövlət siyasətini həyata keçirən qurumlar fəaliyyət göstərir. Bu qurumlardan biri də dövlət gömrük orqanlarıdır. Azərbaycanda gömrük orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası vardır. Gömrük orqanlarında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ixtisaslı kadrlar seçilərək işə qəbul edilir, bu sahədə çalışanlar üçün hərtərəfli xidmət şəraiti yaradılır”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxildir. İdarə beynəlxalq reyslər üzrə hava yolu ilə gömrük sərhədindən keçirilən mallara gömrük nəzarəti və rəsmiləşdirilməsini həyata keçirir. Yeni istifadəyə verilən inzibati binada idarənin və sərhəd nəzarəti məntəqəsinin əməkdaşları üçün lazımi xidmət şəraiti yaradılmışdır. Bu da gömrük və sərhəd xidməti əməkdaşları qarşısında mühüm vəzifələr qoyur. Kollektiv öz işini dövriyyəsi və satışı qadağan olan malların muxtar respublikaya gətirilməsi və satışının qarşısının alınması, daxili bazarın qorunması və qanunvericiliklə nəzərdə tutulan digər vəzifələrin icrası istiqamətində qurmalıdır. Bu zaman milli mentalitetimizə və etik davranış qaydalarına əməl edilməli, vətəndaşların hüquq və vəzifələri qorunmalıdır”.
Ali Məclisin Sədri Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin və sərhəd nəzarəti məntəqəsi əməkdaşlarının qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gömrük xidmətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın zirzəmisində yeməkxana, qazanxana, müvəqqəti saxlanc anbarları və xidməti otaqlar yerləşir. Birinci mərtəbədə rəsmiləşdirmə zalı, növbətçi hissə, vətəndaşların müraciətlərinə baxılmasının təşkili üçün xüsusi otaq və ayrıca girişi olan sərhəd nəzarəti məntəqəsi üçün xidməti otaqlar vardır. Binada İP telefoniya qurulmuşdur. İnformasiya texnologiyaları qurğuları ilə təchiz edilən otaqlar gömrük xidmətinin hərtərəfli təşkilinə imkan verəcəkdir.
Rəsmiləşdirmə zalında gömrük brokeri xidməti, gömrük rəsmiləşdirilməsi və məlumat bölmələri fəaliyyət göstərəcəkdir. Rəsmiləşdirmə prosesi “bir pəncərə” prinsipinə uyğun qurulmuşdur. Ödənişlərin POS-terminallar vasitəsilə həyata keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. Rəsmiləşdirmə zalında Azərbaycan, ingilis və rus dillərində informasiya köşkü qurulmuş, elektron növbə sistemi yaradılmışdır. Bu da gömrük bəyannamələrinin elektron formada tərtibinə və gömrük qanunvericiliyi haqqında lazımi məlumatlarla tanış olmağa imkan verəcəkdir. Müşahidə otağındakı monitorlar vasitəsilə iş prosesinin təşkilinə daim nəzarət olunacaqdır.
Sərhəd nəzarəti məntəqəsi üçün ayrılan xidməti otaqlarda lazımi şərait yaradılmış, növbətçi hissə üçün xidmətin təşkili təmin edilmişdir. Burada səyyari laboratoriya avadanlıqları və sənədlərdəki çatışmazlıqları aşkar edən texniki vasitələr qoyulmuşdur.
İkinci mərtəbədə xidməti otaqlar, server otağı, üçüncü mərtəbədə isə 80 yerlik iclas zalı, tədris otağı, arxiv və görüş otağı yerləşir. İclas zalı müasir səs sistemi və proyektorlarla, tədris otağı isə elektron lövhə ilə təchiz olunmuşdur.
Ali Məclisin Sədri tədris otağında yaradılan şəraitdən səmərəli istifadə olunması, əməkdaşlara mütəmadi olaraq hava nəqliyyatında gömrük xidmətinin təşkili sahəsində baş verən yeniliklərin öyrədilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR