Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxmışdır.
Məlumat verilmişdir ki, yeni gətirilən 12 tonluq kran inzibati və yaşayış binalarının tikintisi zamanı istifadə olunacaqdır. “JAC” markalı 2 ədəd yük avtomobilinin hər biri 14 kub yükgötürmə gücünə malikdir. İki ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə isə muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və müasir yolların çəkilməsi işlərində istifadə olunacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada aparılan tikinti-quruculuq işləri zamanı yeni texnika və avtomobillərdən səmərəli istifadə edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
* * *
Texnikalara baxışdan sonra Ali Məclisin Sədri Babək qəsəbəsində həyata keçirilən abadlıq işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yol infrastruktrunun müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Hazırda Babək qəsəbədaxili avtomobil yolunun 3 kilometrində yenidənqurma işləri aparılır. Tikinti işləri çərçivəsində yol yatağı genişləndirilərək 20 metrə çatdırılmışdır. Hazırda yolun yatağı bərkidilir, səkilərin yaradılması və asfalt qatının verilməsi üçün hazırlıq görülür. Yenidənqurma işlərindən sonra yolda 4 zolaqlı hərəkət təmin olunacaq, ətrafda işıqlandırma sistemləri qurulacaqdır.
Ali Məclisin Sədri yolda tikinti işlərinin keyfiyyətlə aparılması və Babək qəsəbəsində yenidənqurma işlərinin davam etdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti