Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda uğurla davam etdirilir. Ölkəmizdə uşaqların layiqli vətəndaş olaraq formalaşması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlər həyata keçirilir, məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır.
Mayın 5-də – ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Babək qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Babək rayonunu da əhatə etmişdir. 2014-cü ilin ötən dövründə Babək Rayon Mərkəzi Xəstəxanasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Cəhri Kənd Sahə Xəstəxanasının, həmçinin kənddə 1 nömrəli tam orta məktəbin binası və Hacıvar-Sirab-Vayxır avtomobil yolu istifadəyə verilmişdir. Hazırda Babək qəsəbəsində və kəndlərdə tikinti-quruculuq işləri davam etdirilir. Rayonda məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzindədir. Bu gün istifadəyə verilən uşaq bağçası da bu sahədə görülən işlərin tərkib hissəsidir. Elçin Hüseynəliyev yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Babək qəsəbə uşaq bağçası da ulu öndərin doğum günü ərəfəsində istifadəyə verilir”.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı dövlətin əsas borcudur” fikrini xatırladaraq demişdir: “Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhsilinə, onların yararlı vətəndaş kimi böyümələrinə hərtərəfli qayğı göstərilir. Babək qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
“Ümummilli lider Heydər Əliyevin siyasi xətti ölkəmizin bütün bölgələrini inkişafa qovuşdurmuş, tikinti-quruculuq işləri genişlənmiş, əhalinin sosial problemləri həll olunmuşdur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 16-sı tam müasir bina ilə təmin olunmuşdur. Bir uşaq bağçasının binasında isə tikinti işləri aparılır. Babək qəsəbəsindəki uşaq bağçasında yaradılan şərait gələcəyimiz olan uşaqların məktəbəqədərki təhsilinin və onların təlim-tərbiyəsinin düzgün təşkilinə imkan verəcəkdir. Həmçinin bağçanın istifadəyə verilməsi ilə 50-dən artıq yeni iş yeri açılmışdır. Bu isə məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan uşaq bağçası 242 yerlikdir. Burada yataq və soyunub-geyinmə otaqları, oyun zalları, tədbirlər və valideyn üçün gözləmə otaqları vardır. Həmçinin binada yeməkxana, bufet, metodist otağı, tibb otağı, dərzi, anbar və camaşırxana istifadəyə verilmişdir. Bağçada 3 körpə qrupu, 8 böyükyaşlı qrup olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 22 tərbiyəçi-müəllim məşğul olur.
Valideynlər uşaq bağçasında yaradılan şəraitə və gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri uşaqların intellektual inkişafı, onların mövsümə uyğun olaraq qidalanması, uşaq bağçasında sanitar-gigiyenik normalara riayət olunması barədə tapşırıqlar vermişdir.
Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Binanın həyətində də abadlıq işləri görülmüş, əyləncə qurğuları quraşdırılmış, istirahət guşəsi yaradılmışdır.
* * *
Uşaq bağçası ilə tanışlıqdan sonra Ali Məclisin Sədri rayon sakinləri ilə görüşmüşdür.
Rayon sakini Vaqif Hüseynov bildirmişdir ki, Babək rayonu son illər öz görkəmini tamamilə dəyişmişdir. Rayon mərkəzində və kəndlərində istifadəyə verilən yeni inzibati binalar, sosial obyektlər, çəkilən yollar sakinlərin rahat yaşayışına xidmət edir. Bu gün Babək qəsəbəsində böyük abadlıq işləri aparılır, əhalinin kommunal-məişət şəraiti yaxşılaşdırılır, su və kanalizasiya sistemləri yenidən qurulur. Bütün bunlar ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Hər bir rayon sakini də bu siyasi xəttə sədaqət göstərir, dövlətimizin inkişafında yaxından iştirak edir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın inkişaf və tərəqqiyə qovuşduğunu bildirərək demişdir: “Babək rayonu 1979-cu ildə ulu öndərimiz tərəfindən yaradılmışdır. Qarşıdan ulu öndərin doğum günü gəlir. Bu ərəfədə Babək qəsəbəsində uşaq bağçasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu gün insanların sosial problemlərinin həlli ölkəmizdə həyata keçirilən siyasi xəttin əsasını təşkil edir. Ona görə də hər bir sakin ölkəmizin inkişafında yaxından iştirak etməlidir”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti