Yaşıllıq zəngin oksigen mənbəyi olmaqla yanaşı, həm də ekoloji tarazlığı qoruyan etibarlı sipərdir. Naxçıvanın təbii gözəlliklərini qorumaq, təbiətini zənginləşdirmək məqsədilə keçirilən iməciliklər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada yüz hektarlarla yaşıllıq zolaqları və meyvə bağları salınır, ana təbiətin simasına yeni naxışlar vurulur.
Salınan meyvə bağları artıq öz bəhrəsini verir, ağaclar bara dolur. Ona görə də bu yaz günlərində iməciliklər davam etdirilir, becərmə və qulluq işləri aparılır.
Mayın 3-də muxtar respublikamızda keçirilən iməciliklər yenə də öz mütəşəkkilliyi ilə yadda qalmış, meyvə bağlarına və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
İməcilik keçirilən ərazinin sahəsi 3,5 hektardır. Ötən iməciliklər dövründə bura 3 minə yaxın müxtəlif meyvə tingləri və üzüm əkilmişdir. İndi yol boyunca uzanan bu meyvə bağı əraziyə xüsusi gözəllik verir. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, suvarma işləri aparmış, ətrafda səliqə-sahman yaratmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti