07 Yanvar 2025, Çərşənbə axşamı

Mayın 4-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının iştirakçılarını salamlamış, təşkilatçılara təşəkkürünü bildirərək demişdir: “Şahmat zehni təfəkkürü formalaşdıran əvəzsiz vasitədir. O, insanın mənəvi-intellektual inkişafında mühüm dəyərə malikdir. Müdriklər şahmatın fəlsəfəsini təfəkkürün inkişafına xidmətlə əlaqələndirir, onu insan zəkasının gimnastikası adlandırırdılar. Azərbaycanda şahmatın inkişafı qədim tarixə malikdir. Zaman keçdikcə şahmat geniş yayılmış, idmanın aparıcı sahəsinə çevrilmişdir. “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”, – deyən ümummilli liderimiz Heydər Əliyev istər ötən əsrin 70-ci illərində, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra şahmatın inkişafını daim diqqət mərkəzində saxlamışdır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda şahmata maraq kütləvi xarakter almış, onun maddi-texniki bazası gücləndirilmişdir”.

Ali Məclisin Sədri demişdir: “Bu gün də Azərbaycanda şahmatın inkişafı və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” şahmatın inkişafına, onun maddi-texniki və kadr potensialının gücləndirilməsinə göstərilən qayğının parlaq ifadəsidir. Dövlət proqramının icrası istiqamətində ardıcıl iş görülmüş, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat infrastrukturu təkmilləşdirilmişdir. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində isə şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Hazırda gənclərin şahmatla  məşğul olması üçün hərtərəfli şərait yaradılmışdır. Muxtar respublikada 293 qrupda 3 mindən çox məktəbli xüsusi proqram əsasında şahmatla məşğul olur. Eyni zamanda muxtar respublikanın ümumtəhsil məktəblərində də şahmat fənni tədris edilir. Muxtar respublikada şahmat üzrə keçirilən beynəlxalq yarışlar da şahmatın inkişafına öz təsirini göstərir”.
Ali Məclisin Sədri Naxçıvanda start götürən şahmat festivalına xüsusi əhəmiyyət verdiyini, intellekt və zəka sahiblərinin öz hünərlərini yüksək səviyyədə nümayiş etdirəcəklərinə inandığını bildirmiş, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalını açıq elan etmişdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, bu gün ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanda idmanın maddi-texniki bazası möhkəmləndirilir, idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda layiqli qələbələr qazanırlar. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-idman siyasətinin bəhrəsidir.
Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, turnir barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalında 9 ölkə­dən 300-dən artıq şahmatçı iştirak edir. Turnir üç yarımqrupda keçiriləcəkdir. Şahmatçılar şəxsi əmsallarına görə “A”, “B” və “C” qruplarında mübarizə aparacaqlar. Beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 12-də yekunlaşacaqdır. Yarışda keçmiş dünya və Avropa çempionları, 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq şahmat ustası və 6 FİDE ustası iştirak edirlər. Muxtar respublikanı festivalda 66 şahmatçı təmsil edir.
Sonra festivalın püşkü atılmışdır.
Açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert pro­qramı ilə çıxış etmişdir.
Həmin gün Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı start götürmüşdür.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR