İslam dinində müsəlmanların mübarək saydıqları 5 gecə vardır. Bunlardan biri də Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin yaradıcısı, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.
Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, xalqımızın dünyagörüşünün formalaşmasında, mənəvi dəyərlərinin inkişafında humanizm və bəşəri ideyaların daşıyıcısı olan İslam dini müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən islami dəyərlərin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, dini mərasimlər keçirilir, yeni məscid binaları tikilərək istifadəyə verilir, İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il qeyd olunur.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, ölkəmizə əmin-amanlıq, inkişaf və tərəqqi arzulanmışdır.
Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti