Əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri də suvarma sistemlərinin təkmilləşdirilməsidir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda bu sahədə də əsaslı tədbirlərin icrası nəzərdə tutulmuşdur. Artıq muxtar respublikada dövlət proqramında müəyyənləşdirilən vəzifələr uğurla həyata keçirilir.
Aprelin 21-də Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Ali Məclisin Sədri yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: “Ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları bu sahənin inkişafına təkan vermiş, kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunmuş, istehsal olunan kənd təsərrüfatı məhsulları tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaranmışdır”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən, layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılmışdır. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılmış, yeni nasos stansiyası tikilmişdir. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində icra olunan bu layihələr kənd təsərrüfatı sahəsində çalışanların qarşısında yeni vəzifələr qoyur. Belə ki, Sədərək rayonunda yeni əkin dövriyyəsinə qatılan torpaq sahələrindən səmərəli istifadə olunmalı, özəl, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların əkilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bunun üçün rayonda hər cür şərait yaradılmış, aqrolizinq xidməti təşkil edilmişdir”.
Ali Məclisin Sədri torpaq mülkiyyətçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirmiş, nasos stansiyasını işə salmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, yeni nasos stansiyasının tikintisi Sədərək rayonunda su təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur. Nasos stansiyasında 1-i ehtiyat olmaqla, 3 nasos quraşdırılmışdır. Hər birinin gücü 550 kilovat-saat olan nasosların su sərfi saatda 1800 kubmetrdir. Ərazidə suqəbuledici hovuz tikilmişdir. Kanaldan hovuza daxil olan su nasoslar vasitəsilə diametri 800 millimetrlik təzyiqli boru xəttinə vurulur. Təzyiqli boru xəttinin üzərində 6 suburaxıcı vardır. Həmçinin 1941 metr uzunluğunda müxtəlifdiametrli paylayıcı boru xətləri çəkilmiş, 73 ədəd suötürücü qapı qoyulmuşdur. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün ərazidə 2 min kilovat gücündə transformator quraşdırılmış, 3700 metr uzunluğunda elektrik xətti çəkilmişdir.
Ali Məclisin Sədri bundan sonra da muxtar respublikanın torpaq sahələrində su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması barədə müvafiq tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri Sədərək kəndinə gəlmiş, sakinlərlə görüşmüşdür.
Ali Məclisin Sədri nasos stansiyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Yeni nasos stansiyasının tikilməsi və irriqasiya sistemlərinin təkmilləşdirilməsi Sədərək rayonunun inkişafında mühüm əhəmiyyətə malik olan layihədir. Eyni zamanda bu, ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Layihə üzrə tikinti işləri aparılarkən 8 kilometrə yaxın müxtəlifdiametrli metal boru xətti, 7 kilometrdən artıq beton və 100 kilometrə yaxın torpaq kanal çəkilmişdir. Bunun da hesabına Sədərək rayonunda 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Görülən işlər Sədərək rayonunda əkinçiliyin inkişafına, bol məhsul istehsalına imkan verəcəkdir”.
Rayon sakini Sultan Rzayev demişdir ki, muxtar respublikamız sürətlə inkişaf edir. Bu inkişafın tərkib hissəsi olaraq Sədərək rayonu da müasirləşir, tərəqqiyə qovuşur. Rayonda sakinlərin sosial problemləri vaxtlı-vaxtında həll olunur, yeni inzibati binalar, sosial obyektlər tikilir. Əhalinin məşğulluğunun təmin olunması, xüsusilə torpaq mülkiyyətçilərinin fəaliyyətinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. İstifadəyə verilən yeni nasos stansiyası da bu sahədə görülən işlərin davamıdır. Sultan Rzayev yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti