05 Yanvar 2025, Bazar

Yanvarın 24-də Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən məktəbin direktoru Əbülfət Babayev bildirmişdir ki, muxtar respublikada uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müasir binalar tikilərək istifadəyə verilir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binasının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Əbülfət Babayev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışaraq istedadlı gənclər yetişdirəcəklərini qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin muxtar respublikanın müasir musiqi məktəblərinin sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Görkəmli ədib Hüseyn Cavidin ailəsində böyüyən Ərtoğrol Cavid çoxşaxəli yaradıcılıqla məşğul olaraq zəngin irs yaratmışdır. Qısa ömür yaşamasına baxmayaraq, Ərtoğrol Cavid bir-birindən bənzərsiz əsərlər yaratmış, 21 yaşında “Doqquz Variasiya”sını, “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazmış, romans və mahnılar bəstələmiş, onun əsərləri Azərbaycan mədəniyyətinin dəyərli inciləri sırasına daxil olmuşdur. Yaşadığı dövrdə – ötən əsrin əvvəllərində, əsasən, rus və Avropa bəstəkarlarının əsərlərinin təbliğ olunması və öyrədilməsinə baxmayaraq, Ərtoğrol Cavid Azərbaycan xalq mahnılarının nota köçürülməsində, xalqımızın milli musiqi ruhuna uyğun əsərlərin yazılmasında xidmətlər göstərmiş, milli musiqi mədəniyyətimizi yeni yaradıcılıq nümunələri ilə zənginləşdirmişdir”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmiz müstəqillik qazandıqdan sonra Ərtoğrol Cavid irsinin öyrənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, əsərlərinin uşaq musiqi məktəblərində tədrisinə başlanmışdır. Ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolu, Azərbaycan xalq mahnılarının və folklorunun toplanması və tədqiqi sahəsindəki xidmətləri əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 19 oktyabr tarixli Sərəncamı ilə bu gün açılışına toplaşdığımız Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilmişdir. Yaradılan şərait uşaqların burada yüksək səviyyədə təhsil almalarına, mədəniyyətimizin və incəsənətimizin daşıyıcıları kimi yetişmələrinə imkan verəcək, Ərtoğrol Cavidin zəngin irsi öyrədilərək yaşadılacaqdır”.
“Uşaq musiqi məktəbləri Azərbaycan milli musiqisinin öyrədilməsində, gələcək nəsillərə ötürülməsində və yaşadılmasında əvəzsiz rola malikdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikada musiqi məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Musiqi məktəblərində təhsil alan şagirdlərin gələcəkdə orta ixtisas və ali təhsil almaları üçün Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində və Naxçıvan Musiqi Kollecində hərtərəfli şərait vardır. Son illər bu təhsil müəssisələrinin də fəaliyyəti gücləndirilmiş, müvafiq ixtisaslar açılmış, ixtisaslı kadrların yetişdirilməsi üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin kollektivinin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə, məktəbdə milli musiqimizin gənc nəsillərə bundan sonra da dərindən öyrədiləcəyinə, Ərtoğrol Cavid irsinə sadiq istedadlı gənclərin yetişdiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
İki mərtəbədən ibarət olan binada 21 sinif otağı, müəllimlər otağı, kitabxana və konsert zalı istifadəyə verilmiş, Ərtoğrol Cavidə həsr olunmuş fotoguşə yaradılmışdır. Məktəbdə xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, fleyta, rəsm, qanun və xanəndəlik ixtisasları üzrə dərslər keçilir. Məktəbə yeni verilmiş fortepianolar və digər musiqi alətləri dərslərin yüksək səviyyədə təşkilinə şərait yaradır.
Məktəbin kitabxana fondunda 500-dən artıq tədris vəsaiti və musiqi ədəbiyyatı mövcuddur. Kitabxananın fondunda Azərbaycan və dünya musiqi nəzəriyyəçilərinin əsərlərindən ibarət kitablar toplanmışdır. Fondun gələcəkdə daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Rəssamlıq şöbəsində xüsusi istedada və əl qabiliyyətinə malik olan şagirdlər təhsil alırlar. Rəssamlıq sinfinə baxış zamanı məlumat verilmişdir ki, şagirdlər keçirilən müsabiqələrdə bir sıra uğurlar qazanmışlar. Yaradılan şərait bu uğurları daha da artırmağa imkan verəcəkdir.
Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikamızda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə etmiş, son illərdə 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya əsaslı yenidən qurularaq istifadəyə verilmişdir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Bildirilmişdir ki, məktəbdə 310 şagirdin təhsili ilə 78 müəllim məşğul olur. Müəllimlər uşaqların daha yaxşı təhsil almasına, onların istedad və bacarıqlarının üzə çıxarılmasına çalışır, şagirdlər keçirilən müsabiqə və festivallarda uğurla çıxış edirlər. Son iki ildə məktəbin şagirdlərindən 3-ü Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinə, 16-sı Naxçıvan Musiqi Kollecinə qəbul olunmuşdur.
Müəllimlərlə görüş zamanı məktəbdə yüksək şəraitin yaradıldığını bildirən Ali Məclisin Sədri demişdir ki, Azərbaycan milli musiqisi zəngin bir xəzinədir. Bu xəzinəni qoruyub gələcək nəsillərə çatdırmaq bu gün ən ümdə vəzifələr sırasındadır. Hazırda muxtar respublikamızın musiqi məktəblərində təhsil alan şagirdlər milli musiqimizin yaşadılması və gələcək inkişafının təminatçılarıdır. Ona görə də şagirdlərə musiqi sahəsində yüksək təhsil verilməli, Azərbaycan xalq musiqisi uşaqlara yüksək səviyyədə öyrədilməli, onların istedadının üzə çıxarılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Müəllimlər göstərilən yüksək dövlət qayğısına və yaradılan müasir şəraitə görə minnətdarlıqlarını bildirmiş, bundan sonra daha səylə çalışacaqlarına söz vermişlər.
Konsert zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilmiş, rəssamlıq sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur. Şagirdlər Ərtoğrol Cavidin, Üzeyir Hacıbəyovun və Oktay Rəcəbovun əsərlərindən nümunələr ifa etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR