Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirlərində iştirakına görə ona təşəkkürünü bildirmişdir. Muxtar respublika haqqında səfirə ətraflı məlumat verən Ali Məclisin Sədri demişdir ki, qədim tarixə malik olan Naxçıvan dünyanın ilkin yaşayış məskənlərindəndir.
Azərbaycan-Norveç əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrin inkişafında yaxından iştirakının əhəmiyyətini vurğulamışdır. Ali Məclisin Sədri təhsil, səhiyyə, biznes və digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmiş, ikitərəfli əlaqələrin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Erlinq Şönsberq Ali Məclisin Sədrini muxtar respublikanın 90 illik yubileyi münasibətilə təbrik etmişdir. Qonaq muxtar respublikada bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirmiş, ölkələrimiz arasındakı münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti