07 Yanvar 2025, Çərşənbə axşamı

Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi  nəzərdə tutulmuşdur.

Martın 18-də yaşayış kompleksinin təməlatma mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Gənclərin mənzil təminatının ödənilməsi məqsədilə tikilən yeni şəhərcik mühüm əhəmiyyət daşıyır. Çünki gənclərin mənzillərlə təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir. “Gənc­lər şəhərciyi” muxtar respublikada bu məqsədlə inşa olunan ilk yaşayış kompleksidir. Burada 302-si ikiotaqlı və 204-ü üçotaqlı olmaqla, ümumilikdə, 506 mənzil, alış-veriş mərkəzləri, idman qurğuları və digər xidmət sahələri istifadəyə veriləcəkdir. Bu da sakinlərin rahatlığının təmin olunmasına və onların gündəlik tələbatlarının ödənilməsinə şərait yaradacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Dövlət dəstəyi hesabına tikilən yaşayış kompleksinin hər cür kommunal-məişət şəraiti olacaqdır. Tikinti işləri 2 il müddətində başa çatdırılacaq  və mənzillərin satışı ipoteka yolu ilə həyata keçiriləcəkdir. Bu da gənclərin tez bir zamanda mənzillə təmin olunmalarına imkan verəcəkdir”.
Ali Məclisin Sədri inşaatçıların bayramını təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Sonra “Gənclər şəhərciyi” layihəsi üzrə görüləcək işlər barədə Ali Məclisin Sədrinə məlumat verilmişdir. Bildirilmişdir ki, ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli və biri 13 mərtəbəli olmaqla, 5 bina inşa olunacaqdır. Binalardakı ikiotaqlı mənzillərin sahəsi 60-77 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə 104-142 kvadratmetr nəzərdə tutulmuşdur. Yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılacaqdır.
Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulacaqdır. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün video-kamera sistemləri quraşdırılacaq, uşaq bağçası, basketbol və voleybol, eləcə də açıq şahmat meydançaları inşa olunacaqdır. Həmçinin kompleksi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yeraltı keçid istifadəyə veriləcəkdir.
“Gənclər şəhərciyi”nin layihəsi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri beton qarışığını bünövrəyə tökmüşdür.
Daha sonra Ali Məclisin Sədri ərazidə görülən işlər və inşaatçılar üçün yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, layihəyə uyğun olaraq, ərazidə lazımi mühəndis-texniki tədbirlər görülmüş, hündürlüyü 60 metr olan kran quraşdırılmışdır. Tikinti işləri aparılarkən əməyin mühafizəsi qaydalarına ciddi diqqət yetirilir. Ərazidə ofis binası, yeməkxana və 48 yerlik yataqxana yaradılmış, işçilərin sağlamlığının qorunması məqsədilə lazımi təhlükəsizlik tədbirləri görülmüş, tibb otağı istifadəyə verilmişdir.
Ali Məclisin Sədri tikinti aparılarkən yerli inşaat materiallarına üstünlük verilməsi, keyfiyyət amilinə ciddi diqqət yetirilməsi, işçilərin sağlamlığının qorunması və təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də tikinti işlərinin layihəyə uyğun olaraq vaxtında başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR