05 Yanvar 2025, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yolunun əsas ideya-siyasi istiqamətində hərtərəfli inkişaf strategiyası, ölkəmizin bütün regionlarının inkişaf və tərəqqisi dayanır. Bu yol Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurmuş, yeni istehsal və xidmət sahələri yaradılmış, müasir sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Ümummilli liderimizin quruculuq konsepsiyasının uğurla davam etdirilməsi muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”ndə də həyata keçirilən tədbirlərin əsas hərəkətverici qüvvəsini təşkil edir.
Yanvarın 22-də Ordubad rayonunun Çənnəb kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Çənnəb kənd tam orta məktəbinin yeni binası müasir tələblər səviyyəsindədir

Yanvarın 22-də Çənnəb kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış tədbirində çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev demişdir ki, Ordubad rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri rayon mərkəzinin və kəndlərin müasir görkəm almasına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Son illər Ordubad rayonunda 20 təhsil müəssisəsi, 15 mədəniyyət obyekti, 19 tibb müəssisəsi, 15 körpü, 10 kənd mərkəzi, 12 xidmət mərkəzi, 19 inzibati bina, yaşayış binaları və digər sosial obyektlər istifadəyə verilmiş, yeni parklar salınmış, yollar çəkilmişdir. Çənnəb kəndində yeni sosial obyektlərin tikintisi də rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti-quruculuq işlərindən sonra Çənnəb kəndinin muxtar respublikanın abad kəndləri sırasına daxil olduğunu qeyd etmiş, kənddə müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verildiyini, kəndin sosial problemlərinin həll olunduğunu bildirmiş, bu münasibətlə sakinləri və tədbir iştirakçılarını təbrik etmişdir.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir” fikrini xatırladaraq demişdir: “Ölkəmizdə təhsilə qayğı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, təhsil infrastrukturu yeniləşdirilir. Uğurla həyata keçirilən təhsil strategiyası nəticəsində muxtar respublikada da yeni məktəb binaları tikilərək istifadəyə verilir, təhsil ocaqlarında müasir tədris şəraiti yaradılır. Bu gün istifadəyə verilən Çənnəb kənd tam orta məktəbinin binası ölkəmizdə təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Məktəb binasında lazımi şərait yaradılmış, müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Yaradılan şərait nəticəsində tədris yüksək səviyyədə təşkil olunacaq, keçirilən dərslər şagirdlər tərəfindən daha yaxşı mənimsəniləcəkdir. Həmçinin məktəbdə quraşdırılan müasir informasiya-kommunikasiya texnologiyaları dərslərin müasir metodlarla tədrisinə şərait yaradacaqdır. Bu da şagirdlərin yüksək səviyyədə təhsil almasına, onların gələcəkdə ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalarına imkan verəcəkdir”.
Ali Məclisin Sədri Çənnəb kəndində aparılan quruculuq işləri çərçivəsində məktəb binası ilə yanaşı, yeni kənd mərkəzinin də tikildiyini bildirərək demişdir: “Kənd mərkəzindəki yüksək iş şəraiti dövlət qurumlarının fəaliyyətinin daha yaxşı təşkili, sakinlərin problemlərinin vaxtlı-vaxtında həlli baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzdə dövlət qurumları üçün müasir iş şəraitinin yaradılması ilə yanaşı, kitabxana və tədbirlər zalı da istifadəyə verilir. Bu da sakinlərin asudə vaxtının səmərəli təşkilinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə xidmət edəcəkdir”.

“Çənnəb kəndində müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, sakinlərin sosial problemlərinin həll olunması ölkəmizin inkişafının bir kəndin timsalında daha bir nümunəsidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, həyata keçirilən bu tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir. Bu həm də ümummilli liderimiz Heydər Əliyevin müasir dövlətçilik modelinin uğurla davam etdirilməsinin, xalq-dövlət və dövlət-xalq birliyinin nəticəsidir.
Ali Məclisin Sədri məktəbdə təhsilin yüksək səviyyədə təşkil olunacağına, kənd mərkəzində sakinlərə nümunəvi xidmət göstəriləcəyinə, qurulanların qorunacağına əminliyini bildirmiş, bu yolda kollektivlərə və kənd sakinlərinə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, 198 şagird yerlik məktəbdə müasir sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və açıq idman qurğuları vardır.
Məktəbin kompyuter sinfində 7 kompyuter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Həmçinin interaktiv tədris metodlarının tətbiqi məqsədilə 2 elektron lövhəli sinif yaradılmış, fizika və kimya-biologiya laboratoriyaları istifadəyə verilmişdir. Laboratoriyalarda ən müasir təcrübə-sınaq cihazları qoyulmuşdur.
Muxtar respublikanın orta ümumtəhsil məktəblərinin kitabxana fondları davamlı olaraq zənginləşdirilir, yeni çap olunan kitabların elektron variantları da müəllim və şagirdlərin istifadəsinə verilir. Bu, kitablardan daha səmərəli istifadə etməyə və elmi biliklərə dərindən yiyələnməyə əlavə stimul verir. Təhsil ocağının kitabxana fondu da zənginləşdirilmiş, 3240 kitab müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin şagirdləri elmi və bədii ədəbiyyatları elektron kataloq vasitəsilə seçib oxumaq imkanına malikdirlər. Baxış zamanı şagirdlərin kitabxanalara cəlb olunması, bədii ədəbiyyatlardan istifadənin əhəmiyyəti qeyd olunmuşdur.
Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə, eləcə də hərbi biliklərin dərindən öyrənilməsinə xüsusi diqqət yetirilir. Ötən il məktəbin bir şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Şagirdlərin istifadəsinə verilən hərbi kabinə imkan verəcəkdir ki, ilkin hərbi hazırlıq dərsləri bundan sonra daha yüksək səviyyədə aparılsın.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, tədris prosesində yüksək səviyyədə qurulan müəllim-şagird münasibətləri təhsil uğurlarının qazanılmasında mühüm rol oynayır. Ötən tədris ilində Çənnəb kənd tam orta məktəbinin məzunlarından 2-nin ali məktəblərə, 1-nin Naxçıvan Tibb Kollecinə, 1 nəfərin isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunması bu təhsil ocağında tədrisin səmərəli təşkil olunduğunu göstərir. Məktəbdə yaradılan hərtərəfli şərait qazanılan nailiyyətləri daha da artırmağa imkan verir.
Ali Məclisin Sədri demişdir ki, ümumtəhsil məktəblərində tədris prosesi milli və mütərəqqi pedaqoji ənənələrə əsaslanmalı, şagirdlərin marağı və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmalı, onların elmi biliklərə yiyələnməsi, milli dəyərlərə sadiq vətənpərvər, müasir dünyagörüşlü gənclər kimi formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edərək demişlər ki, muxtar respublikanın bütün bölgələrində, eləcə də Ordubad rayonunda müasir məktəblərin tikintisi və yeni elektron tədris vasitələrinin tətbiqi təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. Bu, imkan verir ki, orta ümumtəhsil məktəblərində hərtərəfli hazırlığa və dərin biliklərə malik gənclər yetişdirilsin.
Binanın həyətində də abadlıq işləri görülmüş, ağaclar əkilmiş, Düylün çayının məktəbin qarşısından keçən hissəsində bərkitmə işləri aparılmış, çayın üzərindəki körpü yenidən qurularaq yola asfalt örtük salınmışdır.

Çənnəbdə yeni kənd mərkəzi tikilmişdir

Muxtar respublikanın kəndləri kompleks abadlaşdırılarkən dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması və idarəetmənin vahid mərkəzdən səmərəli təşkili üçün də hərtərəfli şərait yaradılır.
Yanvarın 22-də Ordubad rayonunun Çənnəb kəndində yeni kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, mərkəzdə rabitə evi, Çənnəb və Üstüpü kəndlərini əhatə edən polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 48 yerlik zal yerləşir.
Binada rabitə evi üçün 2 iş otağı ayrılmış, 176 nömrətutumlu elektrontipli ATS qurulmuş, poçt bölməsində faks aparatı və kompyuter qoyulmuşdur. Burada əhaliyə bank xidməti də göstəriləcək, dövri mətbuat nümunələri vaxtlı-vaxtında oxuculara çatdırılacaqdır.
Muxtar respublikamızda fəaliyyət göstərən kitabxanalarda kitab fondlarının zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, istifadəyə verilən kənd mərkəzlərində zəngin fonda malik olan kitabxanalar yaradılır. Mərkəzdə yerləşən kitabxanada klassik və müasir Azərbaycan və dünya ədəbiyyatına aid 4745 kitab, ensiklopediya və digər nəşrlər vardır. Kənd sakinlərinin asudə vaxtının səmərəli təşkilində kitabxananın mühüm əhəmiyyəti olacaqdır. Baxış zamanı Ali Məclisin Sədri kitabxanalara oxucuların cəlb olunmasının, əlamətdar günlərlə bağlı tədbirlərin və oxucularla görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Baytarlıq məntəqəsində həkim-baytar­lara nümunəvi iş şəraiti yaradılmış, dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuşdur.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün yüksək iş şəraiti yaradılmışdır. Baxış zamanı Ali Məclisin Sədri kəndin sosial-iqtisadi inkişafı və əhalinin məşğulluğu ilə maraqlanmışdır. Çənnəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İntiqam Quliyev məlumat verərək bildirmişdir ki, kənddə insanların məskunlaşması, yaşayış səviyyələrinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir, kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olmaq üçün sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Bu da kənd təsərrüfatının bağçılıq, heyvandarlıq, arıçılıq kimi gəlirli sahələrinin inkişafı və məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi yerləşir. Əvvəllər feldşer məntəqəsi kimi fəaliyyət göstərən tibb müəssisəsinin imkanları genişləndirilərək feldşer-mama məntəqəsinə çevrilmişdir. Binada məntəqə üçün ayrıca iş otaqları ayrılmış, lazımi dərman preparatları, peyvənd və ilkin tibbi yardım çantaları qoyulmuşdur.
Baxış zamanı qeyd olunmuşdur ki, yaradılan şəraitin müqabilində məntəqədə çalışan tibb işçiləri, ilk növbədə, uşaqlara peyvənd işini və hamilə qadınlara patronaj xidmətini vaxtlı-vaxtında həyata keçirməli, səhiyyə maarifinə xüsusi diqqət göstərilməlidir. Sakinlər arasında davamlı olaraq müayinələr aparılmalı, xəstəliklər ilkin mərhələdə aşkar olunaraq aradan qaldırılmalıdır.
Binanın həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemləri qurulmuşdur.

Kənddə sakinlərə göstərilən məişət xidmətinin səviyyəsi yüksəlir

Həmin gün Çənnəb kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası fəaliyyət göstərir.
İstifadəyə verildikdən sonra xidmət mərkəzində 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzinin həyətində abadlıq işləri aparılmış, mərkəzin qarşısından keçən çayın üzərində körpü tikilmiş, asfalt örtük salınmışdır.
Xidmət mərkəzinə baxışdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri Ordubad rayonunun kəndlərində bundan sonra da quruculuq və abadlıq işlərinin görüləcəyini bildirərək demişdir ki, sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.

Sakinlərin xoş arzularını Ali Məclisin Sədrinə çatdıran kənd ağsaqqalı Dünyamalı Hacıyev Ordubad rayonunda böyük quruculuq işlərinin həyata keçirildiyini bildirərək demişdir ki, bu gün muxtar respublikanın hər bir kəndi dövlətin yüksək qayğısı əhatəsindədir. Çənnəb kəndində yaradılan müasir şərait, yeni binaların tikintisi, əhalinin məişət problemlərinin həll olunması sakinlərin bu yurd yerində daha sıx məskunlaşmasında, onların qurub-yaratmaq əzminin artırılmasında mühüm rol oynayır. Sakinlər kənd yaşayış məntəqələrində insanların rahatlığı üçün yaradılan şəraiti dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR