Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikası xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səmimi görüşə görə minnətdarlığını bildirən İbrahim Rəhimpur demişdir ki, ötən dövrlərdə hər iki dövlət arasındakı rəsmi səfərlər mehriban qonşuluq prinsiplərinə əsaslanan əlaqələrin inkişafında vacib amil olmuşdur. İran İslam Respublikası Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikası mühüm əhəmiyyət daşıyır.
Qonaq İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün real imkanların olduğunu vurğulamış, Ali Məclis Sədrini İran İslam Respublikasına səfərə dəvət etmişdir.
İran İslam Respublikasının xarici işlər nazirinin müavinini Naxçıvanda görməkdən məmnunluğunu ifadə edən Ali Məclisin Sədri qeyd etmişdir ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. Bu gün dövlətlərarası münasibətlərimiz parlamentlərarası dostluq qrupu çərçivəsində də uğurla inkişaf etdirilir. Qeyd olunmuşdur ki, hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında səmərəli əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Ali Məclisin Sədri İbrahim Rəhimpurun Naxçıvana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmiş, münasibətlərin bundan sonra da dostluq müstəvisində inkişaf edəcəyinə inamını ifadə etmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti