Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir”.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli təhlükəsizlik orqanları sürətli inkişaf və təşkilatlanma yolu keçərək dövlətçilik ənənələrinin qorunması kimi müqəddəs amallar uğrunda aparılan mübarizənin daim ön sıralarında olmuşdur. Son illər Naxçıvan Muxtar Respublikasında da milli təhlükəsizlik orqanları əməkdaşları üçün nümunəvi iş şəraitinin yaradılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, martın 11-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri zabitləri salamlamışdır.
Sonra açılışı bildirən lent kəsilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin yeni inzibati binasının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 95 illiyi ərəfəsində istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə müxtəlif sahələr üzrə dövlət strukturları yaradılmış, onların fəaliyyətinin təşkil olunması məqsədilə qanunlar, normativ aktlar və əsasnamələr təsdiq olunmuşdur. Bu cür dövlət qurumlarından biri də Milli Təhlükəsizlik Nazirliyidir”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə yaradılmışdır. 2004-cü ildə nazirliyin əsasnaməsi və strukturu təsdiq edilmişdir. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Bölməsi şöbəyə çevrilmişdir. Yeni əsasnaməyə uyğun olaraq, nazirlik və onun rayon şöbələri qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.
Qeyd olunmuşdur ki, bu gün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təşkili, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqatların aparılması, rayonda energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi, dövlət orqanlarında dövlət sirrinin mühafizəsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop, partlayıcı maddələrin və qurğuların, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qanunvericiliyə uyğun olaraq digər tədbirlərin həyata keçirilməsi Ordubad Rayon Şöbəsinin qarşısında duran əsas vəzifələrdir. Yaradılan müasir iş şəraiti rayon ərazisində milli təhlükəsizliyin təminatına və qarşıya qoyulan bu vəzifələrin uğurlu icrasına imkan verəcəkdir. Ona görə də kollektiv dövlətimizin yaratdığı şəraitdən səmərəli istifadə etməli, öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkilini daim diqqət mərkəzində saxlamış, bu sahənin inkişafına hərtərəfli qayğı göstərmişdir. Bu gün ulu öndərin müəyyənləşdirdiyi bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə milli təhlükəsizlik təmin olunmuş, sabitlik yaradılmışdır”.
Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan bina müasir standartlar səviyyəsindədir. Otaqlar lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunmuşdur. İdman zalında şöbənin əməkdaşlarının fiziki hazırlığının artırılması üçün hər cür şərait yaradılmış, müasir idman avadanlıqları qoyulmuşdur. İkinci mərtəbədə isə 4 xidməti yaşayış mənzili istifadəyə verilmişdir.
Binada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gülkarlıq salınmışdır.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaqdır
Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir. Bu il Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının mövcud vəziyyəti ilə maraqlanmış və tikinti aparılacaq əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, yeni məktəb binası 4 mərtəbədən ibarət olacaqdır. Məktəbdə fənn kabinələri, müasir laboratoriyalar və sinif otaqları yaradılacaq, idman zalı istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri binanın layihəsinə baxmış, tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti