Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi.
Dövlətimizin başçısı komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış oldu. Bildirildi ki, kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılmışdır. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir.
Dövlətimizin başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzdi, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəldi.
Dövlətimizin başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verdi.
AzərTAc