1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi yazılmışdır. Həmin gün Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq arzusu ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən Bakıda dinc əhalinin qətliamı törədilmişdir.
Hər il 20 Yanvar faciəsi ölkəmizin bütün guşələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yad olunur, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı ümumxalq ziyarətgahına çevrilir.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri Şəhidlər Xiyabanındakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını ziyarət etmiş, 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, bankların, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri və ictimaiyyətin nümayəndələri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.
20 Yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda tariximizin qəhrəmanlıq və qürur səhifəsi, iftixar günüdür. Yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər.
Azərbaycanda müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda aparılan mübarizənin mühüm mərhələsini təşkil edən 20 Yanvar faciəsində 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Bu faciədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”nin tələbləri kobudcasına pozulmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir”.
Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək pisləmiş, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləmişdir. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizədə əsas stimul olmuşdur.
20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi sənəddə deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur. Dahi şəxsiyyətin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.
“20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir”, – deyən dövlət başçısı cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı yenidən qurulmuşdur. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları 23 il bundan əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın bariz ifadəsidir.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları ilə müşayiət olunmuşdur. Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvarın ilk səhifəsini yazmışdı. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını – Naxçıvanı qoruyub saxladılar.
Hər il 20 Yanvar faciəsinin ildönümündə milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Saat 1200-da Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti