05 Yanvar 2025, Bazar

Ekoloji cəhətdən təmiz su insan sağlamlığının qorunmasında vacib amildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır”.

Muxtar respublikamızda da mövcud hidroresurslardan istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulur, bu sahədə müasir infrastruktur yaradılır.
Dekabrın 2-də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov bildirmişdir ki, muxtar respublika iqtisadiyyatının müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər meliorasiya və su təsərrüfatı sistemini də əhatə etmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Bu baxımdan muxtar respublikada son illər içməli su təminatının ödənilməsi məqsədilə görülən işlər mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu gün istifadəyə verilən kompleks də Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa edilmişdir. Əsgər Əsgərov yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur. Dövlət proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. Bu işlər Azərbaycan dövlətinin ölkə vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Bu işlərin görülməsində məqsəd əhalini keyfiyyətli içməli su ilə təmin etməkdən və gigiyenik qaydalara uyğun kanalizasiya sistemlərinin qurulmasından ibarətdir. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar olunan sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Lakin bu gün istifadəyə verilən yeni kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhali və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir”.
“Təmiz su sağlam həyat deməkdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, kompleksdə xarici ölkələrin istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Təmizlənmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlı olacağına tam zəmanət verir. Eyni zamanda sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edəcəkdir.
Ali Məclisin Sədri avadanlıqların qorunmasının və istismar qaydalarına əməl edilməsinin vacibliyini qeyd etmiş, kompleksin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri sutəmizləyici qurğunu işə salmış, kompleksdə yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, kompleksin tikintisinə 2012-ci ildə başlanılmışdır. Kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. İnzibati binada işçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılmış, iş otaqları, idarəetmə mərkəzi, laboratoriya, iclas zalı və yeməkxana istifadəyə verilmişdir. Laboratoriyada quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa imkan verəcəkdir.
İqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılmış kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir.
İlkin mərhələdə dezinfeksiya etmək üçün suya xüsusi qurğu vasitəsi ilə havadan ozon vurulur. Mexaniki filtrlərə daxil olan su 100 mikrona qədər təmizlənir və avtomatik əks-yuma aparılır. Bundan sonra su 2 mərhələli filtrdən keçərək 0,001 mikrona qədər təmizlənir. Təmizlənmiş suya natrium hipoxlorid qatılaraq su anbarlarına vurulur. Bunun üçün binada natrium hipoxlorid qurğusu yerləşir. Qurğu duz çənindən, məhlulu yumşaltma sistemindən, elektrolizə­etmə sistemindən və hazır natrium hipoxloridin yığılması üçün 3 tonluq çəndən ibarətdir. Məhsuldarlığı saniyədə 472 litr olan sutəmizləyici qurğu əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə qənaət olunmasına imkan verəcəkdir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özü­axımlı rejimdə təmin olunmasına imkan verəcəkdir.
Komplekslə tanışlıqdan sonra Ali Məclisin Sədri Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzildə ev birləşmələri qoşulmuşdur. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Kompleksin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemi qurulmuş və ərazinin mühafizəsi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR