Noyabrın 29-da Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 32 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açılış mərasimində çıxış edərək demişdir ki, Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına diqqət göstərilir. 2013-cü ildə bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilmiş, 12 binada təmir işləri aparılmış, 78 binada istilik sistemləri tamamilə yenilənmiş, 20 binanın su xətti dəyişdirilmiş, mənzilləri istiliklə təmin etmək üçün 11 fərdi qazanxana tikilərək istifadəyə verilmişdir. Hazırda 5 yaşayış binasında təmir işləri davam etdirilir. Bu gün istifadəyə verilən 32 nömrəli binanın əsaslı yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.
Binanın sakini Hüseyn Nuriyev yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmiş, Naxçıvan şəhərində yaşayış binalarının ən müasir tələblər səviyyəsində yenidən qurulmasını dövlətimizin insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Mənzil hər bir insanın həyatında xüsusi əhəmiyyətə malikdir. Çünki rahat mənzil həm də xoş və firavan həyatın təmin olunması deməkdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda insanların hərtərəfli sosial qayğı ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Son illər yaşayış məntəqələrində yaşayış və məktəb binalarının, səhiyyə ocaqlarının tikilməsi, müasir yolların çəkilməsi, yeni iş yerlərinin açılması əhalinin rifah halının yüksəldilməsinə və rahatlığının təmin olunmasına səbəb olmuşdur. Eyni zamanda mövcud yaşayış binalarında əsaslı təmir və yenidənqurma işlərinin aparılması sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmışdır”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan şəhəri qədim tarixə malikdir. Bu tarixi özündə yaşadan abidələrin, yaşayış binalarının təmir və yenidən qurulması mühüm əhəmiyyət daşıyır. 1920-ci ildə istifadəyə verilən 32 nömrəli yaşayış binası bugünkü tələblərə cavab vermirdi. Ona görə də bu il binada əsaslı yenidənqurma işləri aparılmış, binaya əlavə bir mərtəbə də artırılmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Görülən işlər bina sakinlərinin rahatlığının təmin olunmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə bir daha təbrik etmiş, onlara rahat həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini sakinlərə təqdim etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, əvvəllər 2 mərtəbədən ibarət olan binaya mansardtipli 1 mərtəbə də əlavə olunmuşdur. Binada elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, mərkəzləşmiş antena sistemi quraşdırılmışdır. Bununla yanaşı, binada bütün evlər daimi isti və soyuq su ilə təmin edilmişdir. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadı milli memarlıq ənənələrinə uyğun olaraq üzlənmişdir.
Binanın həyətində də abadlıq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti