Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri ona yeni fəaliyyətində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr daha da inkişaf edəcəkdir.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin “İran bizə dost, qardaş, qonşu ölkədir. İranla olan əlaqələrimizə mühüm əhəmiyyət veririk” fikrini xatırlatmış, ölkələrimiz arasında bütün sahələri əhatə edən əlaqələrin məmnunluq doğurduğunu bildirmişdir.
Görüşdə Azərbaycan-İran münasibətlərinin parlamentlərarası dostluq qrupları səviyyəsində də inkişaf etdiyi qeyd olunmuşdur.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən Möhsün Pakayin mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin çoxşaxəli olduğunu bildirmiş, bu əlaqələrin inkişafında Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti