Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşmüşdür.
Ali Məclisin Sədri İrfan Siddiqi Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, səfirin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri bundan sonra da ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan qonaq diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti