Yanvarın 14-də Naxçıvan şəhərində 10 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün muxtar respublikada uğurla həyata keçirilir. Uşaqların məktəbəqədər fəaliyyətinin yüksək səviyyədə təşkil olunması istiqamətində məqsədyönlü tədbirlər görülür, məktəbəqədər tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları müasir binalarda yerləşir. Bu gün istifadəyə verilən 10 nömrəli uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir.
Uşaq bağçasının müəllim-tərbiyəçisi Səkinə Ələkbərova uşaq bağçasının yeni binasının istifadəyə verilməsinə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 10 nömrəli uşaq bağçasının yeni binasının muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”nin ilk ayında istifadəyə verildiyini qeyd etmiş, bu münasibətlə kollektivi və şəhər sakinlərini təbrik etmişdir. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” fikrini xatırladaraq demişdir: “Uşaq bağçasının yeni binasında ölkəmizin gələcəyi olan uşaqların sağlam milli ruhda yetişdirilməsi üçün lazımi şərait vardır. Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən keyfiyyətlə aparılmışdır. 242 yerlik binada lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar istifadəyə verilmişdir. Binada hər qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər və şənliklər zalı, tibb otağı, metodiki kabinə, mətbəx, camaşırxana, dərzi, valideyn və iş otaqları vardır.
Bildirilmişdir ki, uşaq bağçasında 11 qrup fəaliyyət göstərir. Onlardan 9-u 1-5 yaş arası uşaqlar üçün nəzərdə tutulan qruplar, 2-si isə 5-6 yaş arası uşaqlardan ibarət məktəbə hazırlıq qruplarıdır. Bağçada 242 uşağın təlim-tərbiyəsi ilə 21 tərbiyəçi müəllim məşğul olur. Uşaqlar gündəlik keçirilən nitqin inkişafı, bədii ədəbiyyatla tanışlıq, hesab, təsviri fəaliyyət, idman və musiqi məşğələlərində yaş səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnə biləcəklər. Təlim prosesində əyani vasitələrdən istifadəyə xüsusi önəm verilir.
Baxış zamanı Ali Məclisin Sədri tapşırmışdır ki, uşaq bağçasında müxtəlif yaş qruplarından olan uşaqlarla metodiki iş aparılmalı, təlim-tərbiyə prosesinin forma və metodları nəzərdən keçirilməli, pedaqoji elmlər sahəsindəki nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə edilməlidir. Tərbiyəçilərin pedaqoji iş qabiliyyəti yüksəldilməli, əyani vasitələrdən və yeni interaktiv təlim metodlarından istifadəyə xüsusi diqqət yetirilməli, uşaqların sağlamlığına və qidalanmasına ciddi nəzarət olunmalıdır. Bununla yanaşı, uşaqların müayinəsi, peyvənd işi vaxtlı-vaxtında həyata keçirilməli, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməlidir.
Tədbirlər və şənliklər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Valideynlər muxtar respublikada uşaq bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və uşaqların hərtərəfli inkişafına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Bağçanın həyətində geniş abadlıq işləri aparılmış, müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılmışdır.
* * *
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların, geniş quruculuq işlərinin, tikilən yüzlərlə təhsil və təlim-tərbiyə ocaqlarının başlıca məqsədi insan amilinə qayğıdan, insan kapitalını formalaşdırmaqdan ibarətdir. Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət, doğma torpağa, Vətənə, xalqa olan dərin məhəbbət Naxçıvanın 1995-ci ildən ötən müddətdə yazılan və yaradılan intibah tarixinin əsas istinad mənbəyidir. Bu gün seçilən düzgün yol və mövcud siyasi xətt yeniləşən Naxçıvanı daha xoş günlərə aparır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti